Xədicə İsmayıla gələn şantaj məktubunun ünvanı açıqlandı

İstintaq məktubun Moskvadan göndərildiyini müəyyən edib; jurnalist isə bunun gerçək ünvan olduğuna inanmır

“Hazırda istintaqı davam edən “Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayılovanın işi ilə bağlı heç bir yenilik yoxdur”. Bu barədə “Qafqazinfo”ya jurnalistin vəkili Adil İsmayılov məlumat verib. Onun sözlərinə görə, istintaqın gedişi zamanı şantaj məktublarının Moskvadan göndərildiyi müəyyənləşib.

Vəkil artıq Xədicə İsmayılovanınm müstəntiqlə görüşməyə nail olduğunu, eyni zamanda kameranın yerləşdirildiyi mənzildə yaşayan, həmçinin mənzildə olmuş şəxslərin kimlikləri barədə istintaqa lazım olam məlumatların verildiyini də vurğulayıb.

Məsələyə münasibət bildirən jurnalist Xədicə İsmayılova isə onun ünvanına göndərilən şantaj məktublarının dəqiq ünvanı ilə bağlı hər hansı informasiyaya malik olmadığını deyib. O, bildirib ki, ünvan Moskva şəhəri kimi göstərilsə də, orada qeyd olunan ünvanın həqiqəti əks etdirməsi o qədər də inandırıcı deyil. Jurnalist müstəntiqlə görüşündə ona bəzi informasiyaların verildiyini, lakin istintaq sirri olduğu üçün bu barədə açıqlama verə bilməyəcəyini qeyd edib.
Prokurorluğun apardığı araşdırmaya inamının olmadığını deyən jurnalist bildirib ki, prokurorluq çətin ki, bu hadisələrin arxasında duran quruma qarşı çıxsın.