Məruzəçi deyib ki, rəsmi Bakı dəvət üçün ona “qəbuledilməz şərtlər” irəli sürüb
Emin Hüseynov: «Azərbaycana gəlib hökumətə demokratiya «donu geyinməyə» kömək etməkdənsə, gəlməmək daha yaxşıdır»
AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser Bakıya gəlməkdən imtina edib. Ştrasser bunu, rəsmi Bakının ona viza verməkdən dəfələrlə imtina etməsi, sonda isə “qəbuledilməz şərtlərlə” dəvət olunması ilə izah edib. 2009-cu ilin mart ayında məruzəçi təyin olunmuş almaniyalı deputat Bakıya gəlməkdən imtina etdiyini bazar ertəsi günü Avropa Şurasının Insan haqları Komitəsinin iclasından sonra səsləndirib.
“BBC Azərbaycan”a müsahibəsində Ştrasser bildirib ki, Azərbaycan hökuməti onu martın sonunda Bakıya səfərə dəvət edib, lakin siyasi məhbus anlayışının müzakirə edilməsi üçün. Ştrasser deyir ki, bu cür dəvəti qəbul edə bilməzdi. Məruzəçi bu şərtlə səfərin Azərbaycan hökumətinin onunla əməkdaşlıq etdiyi və “hər şeyin qaydasında olduğu” təəssüratını yarada biləcəyindən ehtiyat edib. O, qeyd edib ki, siyasi məhbus anlayışına dair müzakirə qəbulolunmazdır. Çünki Avropa Şurasının siyasi məhbus anlayışının tərifi 2-3 ildir məlumdur.
Ştrasser onu da əlavə edib ki, Bakıya səfər etməsə də, bu ilin sonunadək hesabatını yekunlaşdırıb təqdim edəcək.
RATI sədri, hüquq müdafiəçisi Emin Hüseynov hesab edir ki, bu, AŞPA-nın səlahiyyətli məmurunun Azərbaycan hökumətinə qarşı açıq-aşkar “demarşıdır”: “Bu qərar Azərbaycan hakimiyyətinin insan haqları sahəsində heç bir addım atmaq istəməməsi ilə bağlıdır. Azərbaycana gəlib hökumətə demokratiya donu geyinməyə kömək etməkdənsə, gəlməmək daha yaxşıdır. Azərbaycan hökuməti Avropa Şurasının dəyərlərini qəbul etmir. Mən Ştrasserin bu addımını doğru qərar hesab edirəm. Bizim bəzi hüquq müdafiəçiləri hökumətin razılığı ilə həbsxanalara gedirlər. Soruşanda da deyirlər ki, əgər belə etməsək, bizi türmələrə buraxmayacaqlar. Mən bunu düzgün addım saymıram. Ola bilsin bununla insanlara kömək etmək istəyirlər. Amma hökumət sonra bundan imicini yaxşılaşdırmaq üçün ustalıqla istifadə edir. Ona görə də ən yaxşısı, hökumətlə prinsipial şəkildə əməkdaşlıq etməməkdir”.