Timoşenkonun gizli kadrları yayıldı

Keçmiş baş nazir özünü xəstəliyə vurub?

Korrupsiya, vəzifə səlahiyyətlərini aşmaq ittihamı ilə həbs edilərək 7 il azadlıqdan məhrum olunan, ardınca da siyasi qətllərə sifariş verməkdə şübhəli bilinən Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun aclıq elan etdiyinə dair məlumatlar ətrafında yeni qalmaqal yaranıb. Çünki internetdə Yuliya Timoşenkonun özünü yalandan ağır xəstə kimi göstərdiyini sübut edən görüntülər yayılıb. “Youtube” video-portalında yerləşdirilmiş kadrların ötən il dekabrın 15-də çəkildiyi görünür. Həmin vaxt Yuliya Timoşenko paytaxt Kiyevdəki Lukyanovsk təcridxanasında idi və belindəki ağrılardan şikayətlənərək, yataqdan demək olar ki, qalxmırdı.
Video-kadrda Timoşenko olduğu iddia edilən qadın kamerada heç bir çətinlik çəkmədən hərəkət edir, yatağını düzəldir, hündür dabanlı ayaqqabı geyinərək güzgüdə özünə baxır. Qadın qəfildən sanki hansısa səsdən qorxaraq, cəld yatağına uzanır. Kameraya Timoşenkonun vəkilinə oxşayan bir şəxs daxil olur. Timoşenkonun vəkili Sergey Vlasenko olduğu iddia edilən həmin şəxs qadına yataqdan qalxmağa kömək edir, bu zaman onun artıq çətinliklə hərəkət etdiyi görünür. Bu arada, Avropa Birliyi Timoşenkonun vəziyyəti ilə bağlı narahatlığını ifadə edib. Avropa Komissiyasının bəyanatında Ukrayna hakimiyyətindən keçmiş baş nazirin vəziyyəti ilə bağlı məsələyə aydınlıq gətirilməsi tələb olunur.
Əlavə edək ki, Timoşenko aprelin 20-də Xarkovdakı saxlama müəssisəsindən kliniki xəstəxanaya köçürülərkən döyüldüyünü iddia edir. Buna etiraz əlaməti olaraq, onun həmin vaxtdan aclıq aksiyası keçirdiyi bildirilir.