Zəngin sənət xəzinəsinin bələdçisi
Azərbaycan teatrının tarixi böyük bir mərhələni əhatə edir. Bu tarixi yaşadan və nəsildən-nəslə ötürən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi illərdir böyük bir xəzinənin bələdçisi rolunu oynayır. Şərqdə və Cənubi Qafqazda öz profilinə görə yeganə olan bu muzey 1934-cü ildə yaradılmışdır. Muzeyin yaradılmasında Bakı Teatr Texnikumunun direktor müavini, Bakı Türk Işçi Teatrının əməkdaşı, teatr xadimi Ağakərim Şərifovun böyük xidmətləri olmuşdur. O, 1920-ci ildən etibarən teatr tarixinə dair materialları toplamağa başlamış, 1926-cı ildə Teatr Texnikumunun məzunları ilə Moskvada olarkən oradakı Teatr Muzeyinin direktoru A.A.Baxruşinlə görüşmüş, ondan bu sahədə bir sıra məsləhətlər almışdır.
Onun bu təşəbbüsünə Azərbaycanın görkəmli ziyalıları və teatr korifeyləri Əziz Şərif, Cəfər Cabbarlı, Əzim Əzimzadə, Sidqi Ruhulla və başqaları böyük dəstək vermişlər. 1927-ci ilin noyabrında keçmiş Tağıyev Teatrının binasında yerləşən Dram Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yerləşdiyi bina) foyesində muzeyin Sidqi Ruhullanın şəxsi arxivindən ibarət ilk sərgisi açılmışdır.
1928-ci ildən 1934-cü ilə qədər muzey teatr şöbəsi kimi fəaliyyət göstərmiş və 1934-cü ildə Dövlət statusu almışdır.
1934-cü il noyabrın 24-də muzeyin təntənəli açılış mərasimi keçirilib. Həmin mərasimdə o dövrün görkəmli sənət xadimləri – Bülbül, Şövkət Məmmədova, Hüseynqulu Sarabski, Aleksandr Tuqanov, Ülvi Rəcəb, Ismayıl Hidayətzadə və başqaları iştirak edirdilər.
1935-ci ildə muzeyə böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının adı verilmişdir.
1937-1938-ci illərin acı yelləri teatr xadimlərinin, habelə Dövlət Teatr Muzeyinin üstündən də əsib, milli teatrımızın inkişafına ağır zərbə vurub. Həmin illərdə bir sıra teatr xadimləri repressiyaya məruz qalıblar. Bunların arasında Dövlət Teatr Muzeyinin direktoru Ağakərim Şərifovun qohumları da vardı. Bir qədər sonra Ağakərim Şərifovu işdən azad edirlər. Məhz həmin illərdə muzeyin elmi işçisi Afərin Məmmədbəyova öz həyatını təhlükəyə qoyaraq repressiya qurbanlarının muzeydəki əşyalarını gizlətmiş, ələ keçməkdən qorumuş və beləliklə, həmin sənədlər bu günümüzə gəlib çatmışdır.
Azərbaycan Dövlət Teatr Muzeyi 1963-cü ildə ləğv edilmiş və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin Teatr və dramaturgiya şöbəsinə çevrilmişdir.
1968-ci ildə həmin şöbənin bazasında “C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkili haqqında” qərara uyğun olaraq, Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binasının IV mərtəbəsindəki otaqlar yeni yaradılmış muzeyə verilmişdir. Bu otaqlarda yalnız muzeyin fond əşyalarını və əməkdaşlarını yerləşdirmək mümkün oldu. Azərbaycan Dövlət Teatr Muzeyinin tarixində ən əlamətdar köçürülmə 1991-ci ildə baş verdi. Azərbaycanda muzey məqsədilə tikilmiş ilk və yeganə bina – keçmiş V.I.Lenin Mərkəzi Muzeyinin Bakı filialının binası Mədəniyyət Nazirliyinə verildikdən sonra burada “Muzey Mərkəzi” yaradıldı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Azərbaycan Istiqlal Muzeyi ilə yanaşı, Dövlət Teatr Muzeyi də bu binada yerləşdirildi.
135 mindən artıq eksponat
Bakıda Muzey Mərkəzinin 3-cü mərtəbəsində yerləşən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi peşəkar teatrımızın tarixini özündə əks etdirir, bu tarixi gələcək nəsillərə çatdırır.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin əsas fondunda 135 mindən artıq eksponat toplanmışdır. Muzeydə görkəmli sənətkarlarımızın 700-ə yaxın şəxsi arxivi, Azərbaycan peşəkar teatrının yarandığı tarixdən bu günə qədər müxtəlif janrlarda ilk teatr tamaşalarının proqram və afişaları, əlyazmalar, memorial əşyalar, rejissor eksplikasiyaları, rol dəftərləri, müxtəlif tamaşalardan çəkilmiş foto və neqativlər, səhnə əsərlərinə verilmiş dekorasiya və geyim eskizləri, maketlər, obrazlara tikilmiş kostyumlar, rekvizitlər qorunur və nümayiş etdirilir.
Muzey 2004-cü ildə “Teatr tarixinə dair materialların toplanmasına və qorunmasına görə” Teatr Xadimləri Ittifaqı tərəfindən “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür.
Muzeydə toplanan nadir eksponatlar sayəsində milli teatrın yaranması, təşəkkül dövrü, inkişaf mərhələləri, Azərbaycan mədəniyyəti tarixində misilsiz xidmətləri olan maarifçi və ziyalılar, teatr korifeyləri, sənətkarlar haqqında geniş məlumat almaq mümkündür. Muzeydəki materiallar xronoloji ardıcıllıqla muzeyin 6 zaldan ibarət ekspozisiyasında sərgilənir.
1873-cü ildə Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası əsasında oynanılmış ilk teatr tamaşasının afişası, ilk teatr truppasının 1888-ci ilə aid fotoşəkli, 1926-cı ildə Şərq üslubunda oynanılmış “Hamlet” tamaşasının kinolenti, Şərq aləmində 1908-ci ildə ilk opera “Leyli və Məcnun”un premyera-proqramı muzeyin ən dəyərli eksponatlarındandır.
Muzeyin 7 zaldan ibarət ekspozisiyası teatr mədəniyyətimizi əks etdirən tarixi xronologiya üzrə qurulmuşdur. Burada Azərbaycan peşəkar teatrının yaranma tarixindən – 1873-cü ildən başlayaraq teatrın təşəkkül dövrü, inkişafı, professionallaşması və milliləşməsi prosesi, müxtəlif teatrların yaranması və fəaliyyətilə bağlı tam təəssürat yaranır. Ilk zalda xalq oyunlarında rast gəlinən teatr elementlərini əks etdirən rəsmlər, Azərbaycana Avropa mədəniyyəti gətirmiş maarifçilərimizə, teatr korifeylərimizə həsr olunmuş guşələr, peşəkar teatrımızın ilk tamaşasının afişası və s. nümayiş etdirilir.
Tarixi və unikal sənədlər arxivi
Azərbaycanın ilk faciə aktyoru Hüseyn Ərəblinskinin Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar” əsərindəki Qacar obrazına tikilmiş kostyumu və rekvizitləri, XX əsrin əvvəllərində ipək parçalar üzərində yazılmış afişa və proqramlar tamaşaçılarda olduqca böyük maraq doğurur. Milli Dram Teatrının yaradıcılıq yolundan bəhs edən 2-ci zalda teatr tariximizdə misilsiz xidmətləri olan və böyük sənətkarlıq nümunələri yaratmış dramaturq, rejissor və aktyorlarımıza aid sənədlər, foto şəkillər, kostyumlar, xatirə əşyaları, müxtəlif obrazlara çəkilmiş geyim eskizləri, şəkillər və tamaşaların müxtəlif pərdələri üçün qurulmuş səhnələrin maketləri sərgilənir. Şərqdə və Avropada çox məşhur olan Azərbaycan musiqisi, opera və balet sənəti haqqında materiallar 3-cü zalda əks olunub. Bu zalda tamaşaçılara təqdim olunan “Leyli və Məcnun” operasının premyera afişası da qədim və nadir sənədlərdən biridir.
Operetta janrında ilk tamaşanın proqramı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Kukla Teatrının yaranma tarixi və yaradıcılığı ilə bağlı sənədlər 4-cü zalda toplanıb. Milli peşəkar teatrın ayrılmaz hissəsinə çevrilən Azərbaycan Dövlət Rus Dram Teatrına aid afişalar, foto şəkillər, maketlər, eskizlər, kostyum və kuklalar 5-ci zalda nümayiş olunur.
Zaqafqaziyanın zəngin ənənəli ilk peşəkar teatrı olan Tiflis Azərbaycan Teatrının, Irəvan Dövlət Azərbaycan Dram Teatrının, bölgə teatrlarının, o cümlədən ötən əsrin 90-cı illərində yaranmış bir sıra yeni teatrların tarixini əks etdirən eksponatlar 6-cı zalda sərgilənir. Muzeyin sonuncu – 7-ci zalı sərgi zalı kimi fəaliyyət göstərir və vaxtaşırı burada şəxsi kolleksiyalar və fond materialları əsasında müxtəlif mövzularda sərgilər nümayiş olunur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir