«Sərhədsiz Reportyorlar» təşkilatı Quba olaylarına görə həbs edilən yerli «Xəyal» televiziyasının redaktoru Zaur Quliyevlə bağlı bəyanat verib. Təşkilat jurnalistə qarşı qeyri-insani və aşağılayıcı rəftarı pisləyir.
«Quliyevə qarşı fiziki və psixoloji təzyiqlər dərhal dayandırılmalıdır.
Biz bu jurnalist üçün məqbul saxlama şəraiti tələb edir və məhkəmə orqanlarını çağırırıq ki, onun şikayətinə çevik cavab versinlər.
«Sərhədsiz Reportyorlar»ın əldə etdiyi məlumata görə, o, dəfələrlə əlləri arxasında bağlı vəziyyətdə sorğu-suala çəkilib. Bu sorğu-sual sessiyasını aparan rəsmi şəxslər ona bildiriblər ki, etirafından asılı olmayaraq ona qarşı ittihamlar geri götürülməyəcək.
Zaur Quliyev həbsxanada bir neçə kameraya köçürülüb və hər dəfə də onun üçün ən pis kameralar seçilib. Kamera kiçik, istiliksiz olmaqla yanaşı, sanitar qaydalara cavab verməyib. Bildirilir ki, o, uzun müddətli həbs almış təhlükəli cinayətkarlarla eyni otaqda saxlanılır. Jurnalistin həbsxana yoldaşları da onu dəfələrlə çılpaq formada dəhlizdə gəzməyə məcbur etməklə təhqir ediblər.
Zaur Quliyev həmçinin mədə xorasından əziyyət çəkir. Bir ay Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan jurnalist aprelin 14-ü Bakıda həbsxanaya yerləşdirəndən bəri ona nə tibbi qayğı göstərilib, nə də hər hansı dərman verilib.
Onun vəziyyəti çox narahatedicidir, baxmayaraq ki, məhbus dəfələrlə müalicəyə ehtiyacı olduğunu deyib, buna heç kəs məhəl qoymayıb. İndi isə onda xroniki mədə qastriti qanaxması var.
Baxmayaraq ki, Azərbaycan «Eurovision» Mahnı Müsabiqəsi ərəfəsində öz imicini yaxşılaşdırmağa cəhd edir, burda jurnalist hüquqlarına etinasız yanaşma davam edir. «Sərhədsiz Reportyorlar»ın mətbuat azadlığı indeksində Azərbaycan 179 ölkə içərisində 162-ci yerdə dayanır», – deyə Bəyanatda bildirilir (“Azadlıq” radiosu).