“Güclü silahlı ordumuz var. Sərhəd pozuntusu təkrarlanarsa Türkiyə lazımı addımı atacaq”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Əl Cəzirə” kanalına müsahibəsində Bəşər Əsəd rejiminə sərt tənqid edib. Hökumət başçısı Bəşər Əsədi insanlığa sığmayan hərəkətlərdə günahlandırıb:“Biz Suriyanın və suriyalıların əsla düşməni deyilik. Sadəcə olaraq Bəşər Əsədin hərəkətlərinə qarşıyıq və onun etdiklərini qəbul etmirik. Baş verənlər həm humanizmə həm də İslama uyğun deyil”.
Suriya hakimiyyətinə sərt xəbərdarlıq da ünvanlayan Ərdoğan Türkiyənin güclü orduya sahib olduğunu, sərhəd pozuntusu baş verəcəyi təqdirdə NATO ölkəsi kimi müvafiq addımı atacaqlarını bildirib. Bu məsələdə 5 maddənin açıq olduğunu qeyd edən baş nazir prosesin bu mərhələyə gəlməyəcəyinə ümid etdiyini vurğulayıb.
“Güclü silahlı ordumuz var. Bu nöqtədə addımlarımızı olduqca diqqətli aıtırıq və bu şəkildə davam edəcəyik inşallah. Amma Suriya bir şeyi bilməlidir ki, sərhəd pozulması məsələsində əvvəlki səhvi təkrar edərsə Türkiyənin yanaşma tərzi fərqli olacaq”, – deyə Ərdoğan söyləyib.