Milli Məclisin Mədəniyyət Komitəsinin sədri deputat Nizami Cəfərov qəza törədib. ANS TV-nin məlumatına görə, hadisə Yasamal rayonunda, Akim Abbasov və Şərifzadə küçələrinin kəsişməsində qeydə alınıb. Nizami Cəfərov idarə etdiyi dövlət qeydiyyat nişanı 90 DH 027 olan “Hyundai” markalı avtomaşınla əvvəlcə “Mitsubishi” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin qəzalar üzrə inspektoru Rövşən Həsənovun ANS-ə verdiyi məlumata görə, “Hyundai” daha sonra “VAZ 2107” ilə də toqquşub. Bundan sonra isə avtomaşın işıqforu da aşıraraq yararsız vəziyyətə salıb.
İlkin məlumata görə, qəza zamanı əzilən avtomaşınlarda olan sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb. Qəzaya düşən “Mitsubishi” markalı avtomaşının sürücüsü Namiq Musayev ANS-ə bildirib ki, hadisə zamanı “Hyundai” sükanı arxasında olan sürücü hərəkətini işıqforun qırmızı işığında davam etdirib.
“Qırmızı işıqda dayanmışdım. Arxadan maşınımı vurdu. Sonra “VAZ 2107”yə dəydi və işıqforu aşırdı”, deyə N. Musayev qeyd edib.
Hadisədən sonra Milli Məclisin deputatı Nizami Cəfərovla polislər arasında mübahisə olduğundan o, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə aparılıb.
Qəza ilə bağlı ANS-in çəkiliş qrupu “Hyundai” markalı avtomaşının sürücüsü deputat Nizami Cəfərovun da mövqeyini öyrənməyə çalışıb. Millət vəkili heç bir qəza törətmədiyini və polislər tərəfindən bölməyə gətirilmədiyini bildirib.
“-Nizami müəllim sükan arxasında siz olmusunuz?
-Mən olmuşam normal yol gəlmişik.
-Siz qəza törətmisiniz?
-Qətiyyən mən qəza törətməmişəm. Mənim “Hyundai” maşınım yoxdur.
-Polislər sizi bura niyə gətiriblər?
-Polislər, heç vaxt elə şey olmayıb”.
Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin qəzalar üzrə inspektoru Rövşən Həsənov ilkin görünüşünə görə “Hyundai”nin sürücüsünün sərxoş vəziyyətdə olduğunu bildirib: “Həkim müayinəsinə aparılacaq”.
Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən başlanan araşdırmalar isə davam etdirilir.