Goranboy rayonunda Muzdurlar kəndi var və kəndə bu adı rəva bilənlərə əsla iradım-filanım yoxdur. Nədən ki, Azərbaycanda cümlə kəndlərin, rayonların və şəhərlərin adının qarşısına “muzdur” sözü əlavə olunsa, həm Moskva tərəfindən “zəhmətkeş” tituluna layiq görülmüş xalq feyziyab olar, həm də bir xalqı muzdur duruma salan YAP iqtidarı.
Cəmiyyətin muzdur psixologiyasına yoluxmasını sübut etməyə ehtiyac yoxdur. Hara baxırsan, muzdur görünür. Muzdurlar təkcə ailəsini dolandırmaq, ac qalmamaq üçün səhərdən axşama ağaların, hampaların, kəndxudaların, fironların evində, villasında, obyektində, bağında çalışan zəhmətsevər bisavadlar deyil. Nə qədər elmi titula sahib, yaradıcılıqla məşğul olan, bir sözlə, cibində universitet diplomu gəzdirən muzdurlar var.
Muzdur müəllimlər, muzdur həkimlər, muzdur mühəndislər, muzdur mütəxəssislər, muzdur alimlər itətökdü Azərbaycanda.
Nə qədər savadlı adamın “nədən ədalətsizliyə, haqsızlığa qarşı səsini çıxarmırsan” sualına “işdən qovarlar”, “uşaqlarım acından ölər” cavabını verdiyinin şahidi olmadınızmı?
Bir hesablayıbsınızmı ki, bu məmləkətdə nə qədər kişi günəmuzd işləyir? Hesablayın görün, nə qədər qələm əhlinin çörəyi muzdurluqdan çıxır.
Bir vaxt dəbə minmişdi, diplomu olana ziyalı deyirdilər. Lütfən, qələm-kağız götürüb Azərbaycanda ziyalı saydıqlarınızın bir-bir adını yazın. Sonda baxın görün o siyahıda neçə akademikin, “xalq şairi” və “xalq yazıçısı”nın, “xalq artisti”nin, millət vəkilinin, universitet rektorunun adı var.
Bu ölkədə barmaqla sayılacaq ALIM var, deyəndə bəziləri ağzını büzür. Ölkədə ziyalı qıtlığı var, deyəndə etiraz edənlər tapılır.
Azərbaycanda kifayət qədər muzdur alim var, muzdur yazıçı var, muzdur şair var, muzdur millət vəkili var, bunu danmaq olmaz. Sadəcə, o zatların titullarının önünə “muzdur” sözü də yazılmalıdır. Ki, obyektivlik bərqərar olsun.
Azərbaycan Yazıçılar Birliyi yox, Muzdur Yazıçılar Birliyi, Milli Elmlər Akademiyası yox, Muzdur Alimlər Akademiyası yazılsa, fikrinizcə, ədalətin təntənəsi olmazmı?
Hər hansı bir ölkədə əhalinin kiçik bir qisminin, xüsusən, bisavadların muzdurluq etməsi təbii sayılır. Fəqət, universitet təhsili alanların muzdurluğa aludə olması anormallıqdan savayı bir şey deyildir.
Bir alim ki, bir qələm əhli ki, cəmiyyətdə cərəyan edən eybəcərlikləri normal hesab edir, onun şəxsiyyətində DEQRADASIYA gedir, kimsənin buna şəkki-şübhəsi olmasın. Şəxsiyyəti deqradasiyaya məruz qalanın isə çiynin üstündəki BAŞ yox, MƏDƏ olur.
Bu tip anatomik bədən quruluşu olana MUZDUR deməyib, nə deyəsən?
Ən acınacaqlısı odur ki, əksər alimi, müəllimi, həkimi, qələm əhli muzdur olan cəmiyyətdə MILLƏT formalaşa bilmir.
Muzdurda nə VƏTƏN, nə MILLƏT, nə də DÖVLƏT təəssübü olur. Onu ilgiləndirən yeganə şey mədəsinin toxluğudur.
Dövlətçilik ənənəsinin olmamasının, yüz illərlə farsın və rusun əsarəti altında yaşamağımızın acı meyvələrini dadırıq indi. Dərd ondadır ki, müstəqil dövlət qurduqdan sonra da MILLƏT ola bilmirik. Çünki böyük maneələrlə üz-üzəyik. Dəhşət doğuranı isə odur ki, indi nə rus, nə də fars bu yolda bizə mane olur. Mane olan ölkədə rüşvət və korrupsiya ilə nəfəs alan YAP iqtidarıdır.
Bu iqtidar Azərbaycan türkünün MILLƏT olması üçün ən böyük əngəldir.
Bu rejim qürurlu vətəndaş deyil, muzdur yetişdirir.
Bu rejim yalnız muzdurları idarə etmək iqtidarındadır.
Bu rejim milləti idarə etmək gücündə deyil.
Odur ki, muzdur psixologiyasından uzaqlaşmaq və millət olmaq gərəkdir.
Muzdurluqdan xilas olmanın və millətə çevrilmənin yolunun haradan keçdiyini isə ağlı azca çalışanlar tapa bilər.
Yetər ki, INSAN olduğunu dərk edəsən.

Muzdurlar kəndi
•