«İlham Əliyev və komandası da bu mesajı alsın»

p huseyn“Mitinqə çıxanlara Azadlıq meydanı yaraşır, onlar tezliklə qələbə mitinqinə toplanacaq”

Pənah Hüseyn: «YAP rəhbərliyi özlərini itirmir, özündən getmirlər, bu böyük şeydir. Narahat olmalıdırlar»

Ictimai Palatanın son dövrdəki fəaliyyəti, xüsusilə də 8 və 22 aprel tarixində keçirdiyi izdihamlı aksiyalar, eyni zamanda diplomatik korpusla keçirdiyi görüş hakimiyyət dairələrini ciddi narahat etməkdədir. Iqtidar mənsubları buna cavab olaraq Ictimai Palata və Ziyalılar Forumuna qarşı hücum kampaniyasına başlayıb. Bu və digər aktual məsələlərlə bağlı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseynin fikirlərini öyrəndik.   

Ilham Əliyevi inandırmışdılar ki…

– Uzun fasilədən sonra Ictimai Palata bütün maneələrə baxmayaraq ardıcıl iki izdihamlı aksiya keçirdi. Aksiyaların miqyası Sizi qane etdimi?
– 22 aprel mitinqi ilə bağlı bu gün (dünən) Ictimai Palatanın Koordinasiya Şurasının bəyanatı qəbul edildi. Ordakı prinsipial dəyərləndirmə mənim də fikirlərimlə üst-üstə düşdü. Əlavə edim ki, 22 aprel mitinqində hakimiyyətin ən yüksək səviyyədə verilmiş göstərişi ondan ibarət idi ki, bütün vasitələrdən istifadə edərək mitinqə gələnlərin sayının ən azı iki dəfə azalmasına nail olsunlar. Birinci şəxs inandırılmışdır ki, bu, belə də olacaq. Lakin nəinki azalma baş vermədi, bir çox əngəllərin olmasına baxmayaraq, əksinə, hiss olunan bir artım da müşahidə olundu. Ikinci mitinqdən sonra dünyanın ciddi informasiya vasitələri Azərbaycan cəmiyyətinin Bakı şəhərində keçirilən mitinqlərdə prezident Ilham Əliyevn istefası məsələsini gündəmə gətirdiyini qeyd etdi. Bu, artıq çox ciddi mesaj idi. Həm də çox ciddi mərhələdən xəbər verir. Azərbaycanda elə bu il yeni parlament seçkilərinin keçirilməsi məsələsi gündəmə gəlib. Faktiki olaraq mitinqdə səslənən tələblər, çıxışlarda ifadə olunan fikirlər Ictimai Palatanın özünün rəsmi mövqeyindən də irəliyə doğru getdi. Bu, cəmiyyətdəki əhval-ruhiyyəni, siyasi ab-havanı da göstərmək baxımından ciddi əlamətdar bir məsələ idi. Artıq istər buna əlahiddə bir şəkildə reaksiya verilməsi, cəmiyyətin özündə ciddi ictimai-siyasi fəallığının artmasına səbəb olması, indiki iqtidarın siyasətinə, siyasi rejimə qarşı çıxış edən qüvvələrin kiçik konsentrasiyasının başlaması Azərbaycandakı demokratiya uğrunda hərəkatın keyfiyyətcə yeni mərhələsindən xəbər verir. Bu mitinqlər də yeni mərhələnin nümayişi, əlamətləri idi. Məhz bu iki mitinqin nəticəsi son il yarımda Ictimai Palatanın taktika və strategiyasında ciddi dəyişikliklər edilməsi istiqamətində müzakirələrin başlanmasına səbəb olmuşdu. Ümumi siyasi hədəf, strateji əhəmiyyətli dəsti-xətt. O cümlədən dinc kütləvi aksiyalar taktikasının davam etdirilməsi ilə yanaşı daha yeni spesifik mübarizə formalarının gündəmə gəlməsinin şahidi olacağıq.

Azərbaycan məsələsi dünyanın gündəminə gəlib

– Son aksiya beynəlxalq aləmin, xarici telekanalların diqqətini daha çox cəlb etdi. Bunu nə ilə izah etmək olar? Bu, Azərbaycandakı demokratik dəyişikliklərin gündəmə gətirilməsi anlamına gəlirmi?
– Bu, əvvəla Azərbaycan cəmiyyətinin demokratik potensialını ortaya qoyması ilə bağlıdır. Əgər Azərbaycan cəmiyyəti, onun demokratik hərəkatının təşkilatı kimi çıxış edən Ictimai Palata və onun fəaliyyəti olmasaydı, Azərbaycan bu gün dünyanın diqqət mərkəzinə gəlməzdi. Eyni zamanda şübhəsiz ki, beynəlxalq miqyasda demokratikləşmə prosesi gedir. Hamı bilir ki, demokratiya uğrunda qlobal mübarizənin əsas cəbhələrindən biri Azərbaycandan keçir. Mühüm proses gedir. Bu baxımdan diqqət gözləniləndir. Eyni zamanda dəyişikliklərin mütləq olacağının ifadəsidir. Əlbəttə ki, biz öz taleyimizi özümüz müəyyən edəcəyik. Azərbaycan xalqı, Azərbaycan vətəndaşı müəyyən edəcək. Amma bu da faktdır ki, Azərbaycanda demokratiya məsələsi dünyanın da gündəminə ciddi şəkildə gəlib. Deyilənlər də onun göstəricisidir.

Ictimai Palata avanqard qüvvə kimi tanınır

– Ictimai Palatanın diplomatik korpusla üçüncü görüşü keçirildi. Bu görüşün əhəmiyyətini necə dəyərləndirirsiniz?
– Bu, Ictimai Palatanın beynəlxalq ictimai rəy, aparıcı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınmasıdır. Bundan əvvəl də deyilmişdi. Ictimai Palatanın alternativ ictimai-siyasi qüvvə, seçkilər yolu ilə formalaşacaq yeni hakimiyyətin alternativlərindən biri, ölkədə siyasi proseslərə ciddi təsir göstərən bir qurum və demokratikləşmə adlandırdığımız bu prosesin aparıcı avanqard qüvvəsi kimi tanınması deməkdir. Dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatların rəsmi nümayəndələri tərəfindən olan bu görüş özü özlüyündə çox mühüm bir hadisədir. Eyni zamanda orda çox faydalı, məzmunlu fikir mübadiləsi də oldu. Əlbəttə ki, biz öz taleyimizi həll edirik. Bəzi bizim əleyhdarlamızın dediyi kimi, bizə heç kim heç nəyi diqtə etmir, heç bir göstəriş, heç bir təlimat verilmir. Lakin Azərbaycanda gedən demokratik proseslərlə hamı maraqlanır.
O cümlədən diplomatik missiyalar da maraqlanır. Biz konstitusiya, beynəlxalq hüquq çərçivəsində milli maraq və mənafelərimizin həm də bu işin dövlətlər, təşkilatlar tərəfindən müdafiə olunması və qorunması istiqamətində fəaliyyət göstəririk. Bu da onun növbəti bir faktı idi.

Siyasi rejim dəyişikliyi gündəmdədir

– Görüşdən sonra həm vitse-spiker Ziyafət Əsgərov, həm də YAP rəhbərliyi buna aqressiv reaksiya verdi. Hətta Ziyafət Əsgərov diplomatik korpusun sabitliyi pozmaq istəyənlərlə görüşdüyünü deyib. Bu aqressiya nədən irəli gəlir?
– Onların dediklərinə şərh verməzdim. Ancaq onların nəzərində ölkədə o qüvvələr tərəfindən stabilliyin pozulması əslində hakimiyət dəyişikliyi deməkdir. Onda bu iqtidarın vəziyyəti yaxşı deyil. Amma bu, bir az mədəniyyət və səviyyə məsələsidir ki, Azərbaycanın ictimai-siyasi qüvvələri, siyasi müxalifət, vətəndaş cəmiyyəti təşkilatları ilə beynəlxalq təşkilatların təması o şəkildə şərh edilsin. Açığı, çox qorxurlar. Vəziyyətin necə olduğu barədə müəyyən məlumatları var. O cümlədən xalqın, dünyanın onlara münasibəti barədə məlumatlıdırlar. O baxımdan nə qədər qəribə görünsə də, onları da müəyyən qədər başa düşmək olar. Siyasi rejim dəyişikliyi gündəmdədir. Bu, Azərbaycan vətəndaşının iradəsi ilə həyata keçəcək. Su bulandırmaq üçün bu cür mənasız və cəfəng ifadələrin bu iqtidarın taleyi baxımından elə də əhəmiyyəti olmayacaq. Onları da başa düşmək lazımdır. Özlərini itirdiklərini görmək lazımdır.    

Ciddi qərarların əldə olunması gözləniləndir

– Bu arada Ictimai Palata ilə Ziyalılar Forumu arasında görüş keçirildi. Əsas qarşıya qoyulan məqsədlər hansılardır?
– Son dövrdə Azərbaycan demokratikləşmə prosesinin yeni mərhələsindən keçir. Onun çox mühüm hadisəsi də Ziyalılar Forumu və Ictimai Palata arasındakı razılıqlardır. Gələn ay da bu iki qurumun təşkilatçılığı ilə böyük bir demokratik müşavirə keçirilməlidir. Bu, faktiki olaraq, Azərbaycanın son ən yeni tarixində Azərbaycanın ziyalı elitasının, siyasi, mədəni və mənəvi potensialının bir sintezi, birləşməsi, bütövləşməsi hadisəsidir ki, bu, ən tez bir zamanda ölkədə ictimai-siyasi situasiyada yeni ab-hava yaradacaq. Çox ciddi irəliləyişə səbəb olacaq. Bu gün (dünən) Ictimai Palatanın Koordinasiya Şurasında bu əməkdaşlığın strategiyası ilə bağlı məsələlərin müzakirəsinə başladıq. Iki gün sonra bu müzakirələr davam etdiriləcək. Bu istiqamətdə ciddi qərarların əldə olunması gözləniləndir. Dünya qüvvələri tərəfindən Ictimai Palatanın tanınması nə qədər böyük əhəmiyyətə malikdirsə, bir o qədər də Ziyalılar Forumu və Ictimai Palata arasındakı əməkdaşlığın və onun nəticələri böyük əhəmiyyətə malikdir. Bu, haqqında çox danışılan demokratik komandanın formalaşması prosesidir. Bu, Azərbaycanda xalqdan mandat alaraq, xalqın səsini alaraq, onun iradəsinin ifadəsi olaraq indiki dövrdə problemlərimizi, istər Qarabağ problemi, istər sosial-siyasi və demokratikləşmə problemləri olsun, bu problemləri həll edə biləcək, məsuliyyəti öz üzərinə götürə biləcək çox ciddi qüvvənin, mərkəzin, komandanın formalaşması prosesi kimi qəbul olunmalıdır. Əslində, son il yarımda gedən işin, fəaliyyətin nəticələri bundan ibarətdir.

YAP-ı başa düşmək olar

– Bu görüşdən sonra YAP və ona yaxın qəzetlər ziyalıların aşağılanması kampaniyasına başladı. Bu narahatçılıq nədən irəli gəlir?
– YAP-ı başa düşmək olar. Bunlar niyə narahat olmasın? Dünya bu münasibəti bəsləyir. Ölkənin ziyalı elitası görün kimlərdir. Azərbaycanın ən böyük canlı yazıçısı Əkrəm Əylisli, bu gün yaşayan ən böyük şairi Ramiz Rövşən, bu gün yaşayan ən böyük humanitar alimi Cəmil Həsənli, dəqiq elmlərdə Azərbaycanın dünya miqyasında ən böyük, məşhur alimi Rafiq Əliyev, incəsənət sahəsində və yazar kimi keçmiş SSRI-də ən böyük nümayəndəsi Rüstəm Ibrahimbəyov, ən məşhur siyasətçilərimizdən, o cümlədən Heydər Əliyev komandasında bir-iki ciddi siyasətçilərdən olan Eldar Namazov və digər çox hörmətli insanlardır. Bunlarla Isa Qəmbər, Əli Kərimli, Azərbaycanın Milli Azadlıq və demokratik hərəkatının siyasi potensialı, Əbülfəz Elçibəy dövründə ölkə idarəçiliyi təcrübəsi olan bir komanda artıq Azərbaycanın gələcəyi deməkdir. Bunların da üzərinə gəlin yeni gənclik hərəkatının liderlərini, yeni gənclik ruhunu. Insaflı olmaq lazımdır. YAP rəhbərliyi özlərini itirmir, özündən getmirlər, bu böyük şeydir. Narahat olmalıdırlar.

Bu adamlar tezliklə Azadlıq meydanında toplanacaq

– Ilham Əliyevin son müşavirədə səsləndirdiyi mesajlarla bağlı iki fikir var. Birincisi, bu, beynəlxalq aləmə ismarışdı. Ikincisi də, öz komandasını sakitləşdirmək məqsədi güdür. Siz bunu necə qiymətləndirirsiniz?
– Bir məsələni qeyd etmək istəyirəm. Xüsusən orda bir ifadə işlənmişdi ki, 20-ci sahədəki meydan müxalifətin layiq olduğu yerdir. Bu məsələyə diqqəti cəlb etmək istəyirəm. Əlbəttə ki, burda bir rişxənd var. Bunun həm beynəlxalq aləmə, həm də öz komandasına mesaj olması fikirlərilə razıyam. Amma artıq Ilham Əliyev bilsin ki, bu adamlar, onları müdafiə edən şəxslər ən tez bir zamanda Azadlıq meydanında toplanacaq. Onlara Azadlıq meydanı yaraşır. Onlar protest mitinqinə yox, qələbə mitinqinə toplanacaq. Bizim mesajı da bu komanda və onun lideri bu şəkildə alsın.

Fizzə Heydərli