Əliyevi “oyundankənar” vəziyyətdə qoydular

İctimai Palatanın dipkorpusla görüşünün pərdəarxası və strateji tərəfləri haqqında

Ilham Əliyevin saatı ətrafında qalmaqallar davam edən anlarda Ictimai Palatanın liderləri ölkədə fəaliyyət göstərən diplomatik missiyanın nümayəndələrilə görüş keçirirdi. Günün sonunda iki açıqlamadan biri “dövlət başçısı sadə adamdır” idisə, digəri də “ölkəmizin və regionun mürəkkəb bir dövrdə taleyüklü mürəkkəb məsələlərinin müzakirəsi” ilə bağlı idi.
Beləliklə, biz dəyişikliklər astanasında olan Azərbaycan və onun ətrafında baş verən bir çox məsələlərə qlobal tendensiyanın fonunda aydınlıq gətirməyə çalışaq. Yuxarıdakı paralelləri ona görə gətirdik ki, əziz oxucumuz da bilsin ki, hazırda ölkədə siyasi vəziyyəti kimlər daha ciddi diqqətdə saxlayır və kimlər hansı məsələlərlə gündəmə gəlir.

Ictimai Palata sübut mərhələsini keçib…

Ictimai Palatanın rəhbərlərinin diplomatik korpusla ilk görüşü hakimiyyətin canına ciddi üşənmə saldı. Beynəlxalq təşkilatlara və səfirliklərə vəzifələrini “anladacaq” qədər aqressiv və isterik duruma düşdülər. Bu mərhələdə hər kəs anladı ki, Ictimai Palata bir təsisat kimi dünyanın nəzərlərində Azərbaycan hakimiyyətinə başağrısı olan tək mərkəzləşmiş qüvvədir. Hakimiyyətin daha sonrakı mübarizəsi birbaşa və dolayı yolla – rəsmilər və əmrində olan psevdosiyasilər vasitəsilə Ictimai Palataya yönəldi. Ictimai Palatanın “Demokratiyaya yumşaq keçid”ə dair təkliflər planı dünyanın nüfuzlu media orqanlarında xəbərə çevrildi və pozitiv şərh olundu. Bu isə Azərbaycandakı alternativ siyasi qüvvənin planlarının qəbul olunması demək idi.

Bu görüş nə demək idi?

Ictimai Palata 8 və 22 apreldə artan xətt üzrə keçirdiyi aksiyalarla həm də onu sübut elədi ki, ölkədə narazılığı təşkilatlandıran yeganə qüvvədir və sosial dayaqları sarsılmazdır. Dünya artıq bu qurumun mərkəz olduğu böyük bir etiraz hərəkatının başlandığını görür və bu prosesləri həyata keçirən qüvvələrlə müzakirələr aparmağı özlərinin vəzifələri çərçivəsində görürlər. Hazırda demokratikləşmənin alternativsiz bir proses olduğunu nəzərə alsaq, Qərb dünyası məhz azad olmaq istəyən xalqlarla, bu azadlıq mübarizəsini təşkilatlandıran insanlarla əməkdaşlığın daha səmərəli olduğunu anlayır. Bu əməkdaşlıq təkcə ayrı-ayrı siyasi elitaların maraqları deyil. Demokratikləşməyə verilən dəstək indi beynəlxalq təhlükəsizliyin başlıca addımlarındandır. “Bulanıq suda balıq tutan” qlobal gücün artıq çökməkdə olduğu bir reallıqdır və diktaturaların ardıcıl məğlubiyyəti bizim dediklərimizə əyani sübutdur. Bu baxımdan diplomatik korpusun Ictimai Palata ilə görüşü bu qurumun mübarizəsinin və planlarının gələcəyinə bir inam və dəstəkdir. Görüşdə müzakirə olunan məsələlərin arealının genişliyini gözdən keçirsək, görərik ki, söhbət alternativ sistemin mahiyyətinin müzakirəsindən gedib.

Bu, həm də bir davamdır…

AXCP sədri Əli Kərimlinin Almaniyanın məşhur “Der Şpigel” jurnalına müsahibəsindən bəzi məqamları gözdən keçirsək, görərik ki, bu görüşlər ümumiyyətlə, ənənəvi xarakterli deyil, xüsusi mahiyyətlidir. Çünki Qərbin Azərbaycanda regiondakı tarazlığın mürəkkəbliyini dərk edən, neqativ tendensiyalara baxmadan gələcəyə yönəlik planlarda iradəli ola biləcək bir əməkdaş istədiyi ortadadır. Söhbət yuxarıda bəhs etdiyim müsahibənin Iran-Azərbaycan münasibətlərinə dair hissəsindəki sualdan və cavabdan gedir.

Sual:
– Prezident Əliyev Israilin hərbi təyyarələri üçün Azərbaycan bazalarını açıq elan edib. Iranın nüvə obyektlərinə zərbələr endirilməsi gündəmə gəlib. Əliyevin Iranda yaşayan 15 milyon azərbaycanlının təhlükədə olduğunu nəzərə alacağına inanırsınızmı?

Cavab:
– Qeyd edim ki, Azərbaycanın rəsmi qurumları bu xəbəri təkzib etdi. Xalqımız regionda baş verən geopolitik prosesləri yaxından izləyir. Biz yalnız Iranla qonşuluğumuza, çoxillik tarixi-mədəni əlaqələrimizə görə narahatlıq keçirmirik, həm də bu ölkədə yaşayan soydaşlarımıza görə narahatıq. Bu ölkə əhalisinin xeyli hissəsi bizim soydaşlarımızdır. Buna görə də bizim vətəndaşlarımız problemin müharibə yoluyla deyil, diplomatik səylərlə həllini istəyir. Hesab edirəm ki, biz bu konfliktdən kənarda dayanmalıyıq.

***

Azərbaycanın bu münaqişədən kənarda qalmasını bütün dünya və Azərbaycan xalqı özü də istəyir və bunun əksinə olan addımların fəsadlarını dərk edir. Təkcə Əliyev, onun komandası və müttəfiqlərindən başqa…
Hər halda, nəticə onu deməyə əsas verir ki, dünya Ictimai Palatanın timsalında hadisələrin ciddiyyətini qavrayan bir qüvvə ilə əməkdaşlıqda maraqlı olduğunu göstərdi.

Seymur Həzi