Bakıdan Almaniyaya elçi göndərilib

Əvvəl söyüb, indi də danışıqlar aparmaq istəyirlər

Bəlli olduğu kimi, Azərbaycan hakimiyyəti ilə Almaniya arasında münasibətlər qarşıdurma həddindədir. Almaniya mediasında Azərbaycan hakimiyyəti barədə ifşaeidici materialların yayılması YAP-çıların bu ölkəyə hücuma keçməsinə səbəb olub.
Azərbaycanın dövlət qəzetlərində, telekanallarda hər gün Almaniyanın, bu ölkənin rəsmi şəxslərinin, media quruluşlarının, müxtəlif qeyri-hökumət təşkilatlarının ünvanına sərt ittihamlar səsləndirilir. Hətta alman xalqı təhqir edilir, irqçilikdə, faşizmdə suçlanır. Lakin bütün bunlara baxmayaraq, alman mediası Azərbaycan hakimiyyətinin avtoritar mahiyyətini açmaqda davam edir. Almaniya hökuməti bütün avtoritar ölkələrdə olduğu kimi Azərbaycanın da demokratikləşməsinə açıq dəstəyini ifadə edir. Deyəsən, şantaj və hədələrlə Almaniyanın geri çəkilməyəcəyini nəhayət dərk edən Azərbaycan hakimiyyəti problemi danışıqlar yolu həll etmək istəyir. Hər halda Milli Məclisin iki üzvü – Rövşən Rzayevlə, Aydın Abbasovun Almaniyaya səfər edərək Bundestaqda görüşlər keçirib baş verənlərə aydınlıq gətirmələri qərara alınıb. Lakin bu səfərin müsbət nəticə verəcəyi inandırıcı deyil. Çünki artıq Azərbaycan hakimiyyəti bütün körpüləri yandırıb.