Ədəbiyyatda vətəndaş müharibəsi

Tarixi hadisələr, o hadisələrin iştirakçıları hafizəmdə heç vaxt dəqiq qalmır. Rəqəm yaddaşım zəifdi. Sadəcə, ümumi şəkildə nə olub-keçdiyini xatırlayıram. Ancaq “kim?”, “nə vaxt?”, “harada?” hafizəmdən elə günü sabah silinir.
Polkovnik Isa Sadıqovun yazdıqları adamı yenidən ötən illərə qaytarır, o əzabları yenidən yaşadır, vətənin azadlığının göz görə-görə əldən necə getdiyini bir daha yada salır və adam az qalır ki, ötmüş o günlər üçün dəli kimi ağlasın. Çünki keçmiş üçün ağlamaqdan başqa heç nə eləmək mümkün deyil. Keçmişin əzablarından qurtulmağın bir yolu varsa, o da o keçmişdən ibrət alıb bu gününü və sabahını düzgün qurmaqdı.
Polkovnikin yazdıqları o qədər detallı və ürək ağrıdandı ki, elə bilirsən nəql olunan hadisələr – vətənin, bir-iki hakimiyyət xəstəsinin ən rəzil şəkildə xəyanəti nəticəsində əldən getməsi elə bu gün, sən yazını oxuduğun məqamda baş verir; qışqırmaq, haray çəkmək, kimlərisə həbs etmək, kimlərisə güllələmək keçir ürəyindən. Eyni ovqatı Qurban Səidin “Əli və Nino” romanının son hissəsinin Gəncədə baş verən milli üsyanı, qurtuluş savaşını təsvir eləyən və Əlinin həlak olması ilə bitən səhnələrini oxuyanda yaşamışdım. Elə bilirdim ki, bax elə bu an Milli Hökumət yıxılır, vətən işğal olunur, Azərbaycanın müstəqilliyinə son qoyulur. Hakimiyyətə yiyələnəcək bir neçə şərəfsiz azərbaycanlı isə bayram eləyir…
Maraqlıdı ki, biri əsrin o, biri isə bu başında Gəncədə qiyam baş verib. Yəni, “Əli və Nino”dakı olaylar XX əsrin 20-ci ilində baş vermişdi, Isa Sadıqovun danışdığı isə həmin əsrin 93-cü ilində. Biri vətəni işğalçılardan qurtarmaq savaşı idi, biri vətəni satmaq. Yəni, Azərbaycan insanı bu qədərmi korlanmışdı?..
Isa bəy bir şairin “milli” göz yaşlarından və sonrakı xəyanətindən yazır. Sözügedən o ziyalı komissiyasının missiyası yaxşı yadımdadı. Onlar Gəncəyə gedəndə necə narahatdıq, onu da xatırlayıram ki, o tərkibə inanmırdıq. Səhv eləməsəm, hamısı şairlər, yazıçılar, alimlər idi. Təkcə Imam Mustafayev qalıb yadımda. Gələrkən oxuduqları hesabatı da təxminən xatırlayıram. Vicdanı olan kəs o hesabatı yazmaz, yazsa da oxumazdı. Lakin sonradan göz yaşı tökənlər vətəni eləcə satdılar, özü də bu hesabatla o günlərdə vətənin taleyinin həll olunduğunu bilə-bilə satdılar. Qəsdən o komissiyanın tərkibi ilə maraqlanmıram, bu dəfə hafizəsizliyimə etibar eləmək istəyirəm. Əlbəttə, zaman gələcək o şairin də adını biləcəyik, hesabatın müfəssəl olaraq hansı şəkildə hazırlanmasını da. Bəs o zaman həmin vətənpərvər şair öz satqınlığına necə don geyindirəcək? Hər halda, bir gün millət öz “qəhrəmanlarını” tanıyacaq, keçmiş üçün mənasız göz yaşları tökəcək. Görəsən həm də dərs alacaqmı?
Sonralar o məchul şair hansısa kabinetində öz rəzilliyinə belə bəraət qazandırıb: “Isa, Surət məni bir kənara çəkib dilə tutdu və israr etdi ki, biz onların dedikləri kimi yazıb parlamentdə oxumalıyıq. Onlar yazdılar, biz oxuduq”.
Baxın, bir vətənpərvər şair (onun vətənpərvər olmasına şübhəm yoxdu, çünki sovet dövründə ad açan şairlər demək olar ki, “vətənpərvər” olurdular) vətənin taleyini iki dəqiqədə necə həll eləyir: dilə tutulur, yazırlar, o da təsdiqləyir. Həmin şair bu xəyanətdən nə qazanıb, nə alıb, bilmirəm. Yenə də vətən üçün çarpışırmı? Yenə də vətənpərvər şeirlər yazırmı? Şübhəm yoxdu ki, onun Nəsimi haqda da şeiri olar. Onu tanıyan çevrəsi, yaxınları ona bu xəyanətinə görə nə deyir, nə demir, onu da bilmirəm. Bildiyim bircə şey var ki, o şairin vicdan deyilən şeydən xəbəri yoxdu.
Indi yenə vətənin taleyi həll olunur. Gəncə qiyamından başlayan əsarətdən qurtulmaq üçün yenə azadlıq savaşı gedir. Belə bir vaxtda ölkənin baş yazarı Anarın başı ədəbiyyatın yumoristik vətəndaş müharibəsinə qarışıb. Nə qədər şair-yazıçı da həvəslə bu mənasız savaşa qoşulub. Anar atəşkəs elan eləyib. Atəşkəs isə Azərbaycana heç düşmür. Bu arada, YAP Rüstəm Ibrahimbəyovu güllələməklə məşğuldu. Çünki onu dilə tuta, nəsə yazdırıb oxutdura bilməyiblər. Çünki Rüstəm bəy yalnız gözlərinə inanır, göz yaşlarına yox…