Kommunistlərin “parlayan ulduzu” ölkə rəhbərini dinlətdirirmiş
Bir zamanlar Çin Kommunist Partiyasının “parlayan ulduzu” olaraq görülən Bo Sila haqqında istintaq yeni iddialar ortaya çıxarıb. Son iddia Bo Silanın rəhbəri olduğu Çonqçinq şəhərindən Pekinə göndərilən bəzi cihazlarından Çin dövlət başçısı Hu Tszintaonun telefonlarını dinləmək üçün istifadə edilməsindən ibarətdir.
“The New York Times” qəzetinin xəbərinə görə, Hu Tzsintao ötən ilin avqustunda Çonqçinq şəhərinə səfər edən korrupsiyaya qarşı mübarizə idarəsinin rəsmisinə zəng etmək istəyərkən telefona dinləmə cihazı yerləşdirildiyini anlayıb. Partiyayla yaxınlığı olan 10-a yaxın rəsmi də telefon dinləmə olayını təsdiqləsə də, intiqam qurbanı olmaq qorxusundan adlarının açıqlanmasını istəməyib. Qəzetə danışan mənbələr Bo Silanın rəhbəri olduğu Çonqçinq də telefon dinləmə hadisələrinin geniş yayıldığını söyləyib.
Ekspertlərin sözlərinə görə, Çin liderinin telefonlarının dinlənməsi partiya-dövlət aparatı arasında inamsızlığın olduğunu göstərir. Çində cəmiyyəti nəzarət altında saxlamaq üçün istifadə edilən izləmə texnologiyaları sonunda Kommunist liderlərin bir-birlərini hədəf almasıyla nəticələnib. Çin üzrə tarixçi Roderik MakFarquhar “The New York Times”a açıqlamasında bildirib ki, Pekin rejimi etibarsızlıq və şiddəti bəsləyir.
azadliq.info