Azərbaycan İsrailin əsas dayağına çevrilir

“The Heraldonline”: “İsrailin regional məqsədlərində Bakının mühüm rolu var”

ABŞ-da yayımlanan “The Heraldonline” qəzetində Azərbaycan-İsrail münasibətlərindən bəhs edən məqalə dərc olunub. Yazıda qeyd olunur ki, iki ölkənin münasibətlərinin yaxşılaşması Yaxın Şərqdə bir çoxlarının xoşuna gəlmir. Çünki ən azından Azərbaycan İranın şimal qonşusudur və bu iki ölkəni sıx mədəni-demoqrafik əlaqələr bağlayır.

Məqalədə deyilir ki, İsraillə Azərbaycanın ticarət dövriyyəsi ildə 4 milyard dollardır. İsrailin keçmiş Sovet respublikaları içində ən böyük ticarət dövriyyəsi məhz Azərbaycanladır. Azərbaycanın İran və Rusiya arasındakı mövqeyi onu diplomatik “xəfiyyələr yuva”sına çevirib. Müxtəlif, xüsusilə də düşmən ölkələr – ABŞ, İran, Rusiya və İsrail – burada bir-birinə qarşı kəşfiyyat materialı toplaya bilib. İsrailin Azərbaycanla ticarəti isə daha çox maraq oyadır. Fevralda Azərbaycan hərbi avadanlıq, pilotsuz təyyarə və sairə almaq üçün İsrail “Aerospace” sənaye şirkətinə 1,6 milyard dollar ödəyib. Azərbaycan həmçinin İsrailin enerji ehtiyacının 30 faizini ödəyir.

“The Heraldonline” əlavə edir ki, İsrailin regional məqsədlərində Bakının mühüm rolu var. Bunu Azərbaycan ticarət sövdələşmələrində iştirak etmiş bir İsrail diplomat da təsdiqləyib. “Azərbaycanla İranın münasibətləri isə pisləşməkdə davam edir. “2008-ci ildən Azərbaycanda İsrailin pilotsuz təyyarələri var və onlardan hərbi parad zamanı istifadə olunub. Belə bir təyyarə ötən ilin sentyabrında Dağlıq Qarabağ üzərində vurulub. Elə həmin ay Azərbaycan hökuməti elan edib ki, İsrail modelinə uyğun pilotsuz təyyarə hazırlamaq üçün həmin ölkədən lisenziya alıb. Bu ilin fevralında imzalanmış sazişə uyğun olaraq, Azərbaycan 60 İsrail-modelli pilotsuz təyyarə alacaq”.
Chat conversation end