“Abutalıbov xalqı tarixi-mədəni irsindən məhrum edir”

Bakı şəhər Icra Hakimiyyəti yaxın vaxtlarda növbəti evyıxma əməliyyatına start verəcək

Bu dalğa paytaxtdakı hansı küçələri əhatə edəcək?

“Qış bulvarı” adı ilə evlərindən didərgin salınan vətəndaşların bir qrupu dünən mətbuat konfransı keçirərək, başlarına açılan oyunlar barədə ictimaiyyəti növbəti dəfə məlumatlandırıblar.
QHT-lərin Tarix, Mədəni və Təbii Irsi Qoruma Şəbəkəsinin koordinatoru Aytəkin Imranovanın rəhbərliyilə keçirilən tədbirdə iştirak edən zərərçəkmişlər bir daha bəyan etdilər ki, Bakı şəhər Icra Hakimiyyətinin əməkdaşları evlərini qanunsuz olaraq, başlarına uçursa da, heç bir dövlət orqanı onların hüquqlarını müdafiə etmək, səslərini eşitmək istəməyib.
Aytəkin Imranova bildirdi ki, evi qanunsuz sökülən vətəndaşların əksəriyyəti mülkiyyət hüquqlarını müdafiə etmək məqsədilə məhkəmələrə müraciət ediblər. Hətta bir xeyli iddia üzrə məhkəmə qərarları var ki, söküntü dayandırılsın. Buna baxmayaraq, Hacıbala Abutalıbovun işçiləri söküntünü davam etdirib.
“Həmin evlərin yerləşdiyi ərazilər dövlət ehtiyacı üçün alınmayıb. Həmçinin vətəndaşlara ədalətli kompensasiya ödənilməyib”, – deyə Aytəkin Imranova vurğulayıb.

Hüquq müdafiəçisinin sözlərinə görə, Bakı şəhər Icra Hakimiyyəti təkcə vətəndaşların mülkiyyət hüquqlarını pozmaqla kifayətlənməyib, tarixi abidələri də məhv edib: “Şəmsi Bədəlbəyli, Bəşir Səfəroğlu, Füzuli küçələrində XIX əsrə aid çox gözəl binalar var. Bu binaların hamısı Nazirlər Kabinetinin sərəncamı ilə tarixi abidələr siyahısındadır. Kimsənin tarixi binaları sökməyə ixtiyarı yoxdur. Ərazidə 43 tarixi abidə sökülüb. Azərbaycan qanunvericiliyinə görə, tarixi abidə heç zaman sökülə bilməz. Hakimiyyətin heç bir arqumenti bu məsələlərdə işləmir. Faktiki, Azərbaycan xalqı tarixi-mədəni irsindən məhrum edilir”.

Evi sökülən Həsən Hüseynov da başına gələnlərdən danışıb. O bildirib ki, Mirzağa Əliyev küçəsi 231 ünvanında mənzil 44-də 11 nəfərlik ailəsilə yaşayıb: “Bakı şəhər Icra Hakimiyyətinin nümayəndəsi Zülfəli Ismayılov dedi ki, evdən öz xoşunla köçməsən, daşın altında qalacaqsan, onsuz da evi sökəcəyik. O, işçilərinə əmr verdi ki, əraziyə yaxınlaşan jurnalistlərin fotoaparat və kameralarını sındırsınlar. Dedi ki, qorxmayın, durmuşam arxanızda. Polis də söküntü aparan fəhlələrin əlində acizdir. Nəsimi rayonu, 21-ci polis bölməsinin rəisi də söküntü zamanı sakinlərin təhlükəsizliyini qoruya bilmədi. Rəislə görüşdüm, dedi ki, tədbir görməkdə acizdir”.

Mülkiyyət hüquqları pozulan digər vətəndaşlar – Şirinbacı Rzayeva, Adil Ismayılov da bildirdi ki, ailələri zorla evindən çıxarılıb. Onların sözlərinə görə, baş verənlərlə bağlı dəfələrlə bir çox dövlət orqanlarına müraciət etsələr də, heç bir nəticəsi olmayıb: “Əksinə, söküntü işləri daha da sürətlənib. Insanlar binada yaşadığı halda, orada söküntü işləri aparılır. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlik Idarəsinə edilən davamlı müraciətlərə də heç bir cavab verilməyib”.
Yasəmən Kərimova isə kompensasiyanın azlığından şikayətlənib: “Evin bir kvadratmetrinə 1500 manat olduqca azdır, mənzilin bazar dəyərinə uyğun deyil. Etiraz elədim, evimi başıma uçurtdular”.
Aytəkin Imranova sonda onu da qeyd etdi ki, Bakı şəhər Icra Hakimiyyətinin 76 saylı sərəncamı ilə paytaxtda daha bir neçə küçədə evlərin sökülməsi planlaşdırılır. Bura Səməd Vurğun, Şəmsi Bədəlbəyli, Mirzağa Əliyev, Dilarə Əliyeva, Rəsul Rza, Şamil Əzizbəyov, Süleyman Rəhimov, Islam Səfərli, Təbriz Xəlil Rza oğlu və Mirzə Ibrahimov küçələrindəki evlər daxildir.
Evlərindən didərgin salınanlar deyirlər ki, sonadək mübarizə aparacaqlar: “Avropa Məhkəməsinə müraciət edəcəyik. Insanları evlərindən günün günorta vaxtı çıxarmağın heç bir adı yoxdur”.

Ramin DEKO