Yaltaq yazıçıları niyə oxumuram?

Xeyli vaxtdır bunu özümə qadağan etmişəm – yaltaq və hər situasiyaya rahatca uyğunlaşa bilən yazıçıları oxumuram. Sizə də oxumağı məsləhət görmürəm.
Düzdür, indiyədək deyəsən, bir neçə dəfə yaltaq və dönük yazarları oxumadığımı yazmışam, amma səbəblərini ətraflı yazmadığımı dəqiq xatırlayıram.
Yəqin elə buna görədir ki, kitabımın təqdimatında bunun niyəsi soruşuldu. Və orada arqumentlərimi söylədim. Amma indi daha geniş auditoriyaya açıqlamaq ehtiyacı hiss edirəm.
Çox subyektiv görünə bilər, ancaq mən yaltaq yazıçının oxucusunun yaltaq, cəsur yazıçının oxucusunun da cəsur olduğuna inanıram. Yazıçılıq yarımçıq hadisədir, onu həmişə oxucuları tamamlayır.
Guya yazıçının şəxsiyyətinin onun yaradıcılığından kənar hadisə olduğu barədə deyilənlər isə kimlərinsə quru, boş, özünə təsəllisindən başqa bir şey deyil. Ədəbiyyatda “Yaxşı padşahın nağılı”nı yazıb, həyatda pis padşaha nökərçilik edənlər həmişə gülməli görünüblər, indi də gülməli görünürlər və əmin olun ki, gələcəkdə də bu cür görünəcəklər.
Bizdə yazıçının şəxsiyyətini yaradıcılığından ayıranların daha bir kobud səhvi var. Onlar, adətən, elə yazıçıları misal göstərirlər ki, bu, artıq şəxsiyyətlə deyil, şəxsi həyatla bağlı məsələdir. Məsələn, bir yazıçı əgər qumarbaz, yaxud içki düşkünüdürsə, bu, əlbəttə, onun şəxsi həyatıdır, yaradıcılığını bağlamaz. Amma o yazıçı yaltaq, saray düşkünüdürsə, bu, şəxsiyyət problemidir və onun yaradıcılığına qiymət verməkdə birbaşa rol oynayır. Hansısa yazıçı öz cibinin pullarını qumara qoyursa, bundan mənə nə? Yox, onun qumara qoyduğu ölkəsinin, xalqının taleyidirsə, qoy rədd olsun! Mən onu niyə oxumalıyam? Bəzəkli cümlələrin arxasında gizlənməsinə niyə göz yummalıyam? Başıma əsərmi qəhətdir? Başqa müəllifmi yoxdur?
Düzdür, kitab təqdimatında bu barədə mənə sual verən dostumuz bir zamanlar faşizmə könül vermiş əks-arqument kimi Knut Hamsun nümunəsini göstərdi. Amma məsələ burasındadır ki, bu nəhəng yazıçı ömrünün son onilliklərini bir zamanlarkı heç bir bəraəti olmayan səhvinə görə Norveç xalqından və tərəqqipərvər bəşəriyyətdən üzr istəməklə keçirdi. Düzdür, Norveç xalqı onu hələ də bağışlamır, bu cür əvəzsiz yazıçıya bir heykəli də qıymır, tərəqqipərvər bəşəriyyətin isə Hamsunun günahlarından keçməsi üçün onun ölümündən sonra belə, uzun zaman lazım oldu.
Bizdə isə Hamsunun bir cümləsi ağırlıqda olmayan xalqsız xalq yazıçıları, saray şairləri dirəşiblər, öyüd verdikcə bir milçək də artıq tuturlar, anti-insani bir rejimə yarınmaqlarını hələ utanmadan qanunauyğunluq kimi qələmə verir, camatı borclu çıxarırlar.
Daha artıq başağrısı verməyim. Yaltaq, qorxaq, mövqesiz yazıçıları oxumuram və sizə də oxumağı məsləhət görmürəm. Siz belələrinə məhkum deyilsiniz, dünya neftdən çox, ləyaqətli yazıçılarla zəngindir. Oxumaq üçün dürüst bir qələmdən çıxmış yaxşı kitabı həmişə və asanca tapmaq olar.
Yalnız itirilmiş vicdanı tapmaq çətindir.   
Belə çox gülməli – 2
BIR: Səhərdən axşama siyasi iqtidara yarınmaqla, siyasi rəhbərin ayaqqabısını yalamaqla məşğul olan yazıçının hansısa ictimai-siyasi haqsızlıqla bağlı münasibətini soruşarkən “mən yazıçının siyasiləşməsinə qarşıyam” deyib aradan çıxmağa çalışması;
IKI: Qəzetçiləri öldürən, ölümcül döyən bir rejim qarşısında səssiz, təpkisiz qalanların, dilini dinməz yerinə qoyanların internetin yüksəlişini nəzərdə tutub “Qəzet ölürmü?” janrında polemikalara həvəslə girişməsi.
Güzgü kimi müsahibə
Dünən kultura.az saytına son zamanların ən şedevr müsahibələrindən biri yerləşdirilib. Bu, “Bullistan” rok qrupunun keçmiş üzvü Orxan Ata ilə müsahibədir.
Müsahibədən çox isə güzgüdür – orada hər kəs özündən nə isə görəcək.
Bütün bəlalarımızın, düşdüyümüz acı durumun kökləri incəliyi, ürək ağrısı ilə göstərilib orada.
Orxan Atanın söyləmələrini həzm etmək çətindir, amma nə yazıq ki, hamısı həqiqətdir.  
Mütləq oxuyaq. Oxuyaq və payımıza düşəni götürək.