“Biz Saparmurad Niyazovun, azı 50 il hakimiyyətdə olacağını güman edirdik”
Akif Hüseynov Qurbanqulu Berdımuhəmmədovla bağlı yaddaşına həkk olmuş ən maraqlı xatirələrini «Azadlıq»a danışdı
Müsahibimiz, 90-cı illərdə, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovla bir institutda çalışmış və dostluq etmiş, AXCP Cəbrayıl şöbəsinin sədr müavini Akif Hüseynovdur. Akif bəy keçmiş dostu və indiki prezidentlə bağlı “Azadlıq”a hər kəsin marağına səbəb olacaq maraqlı xatirələr danışdı.
– Ilk tanışlığınızı xatırlayırsınızmı?
– Bizi Türkmənistan Dövlət Tibb Institutunun gələcək rektoru, Qurban Paşayev tanış etmişdi. Qurban müəllim o zaman kafedra müdiri idi. Qurbanqulu müəllim stomatologiya fakültəsinə yeni gəlmişdi. Mən isə, Səmərqənd milis məktəbinin məzunu kimi, institutun ictimai asayişin mühafizəsinə rəhbərlik edirdim. 1990-96-cı illərdə, bir yerdə çalışmış və dostluq etmişik.
– Onun hansı keyfiyyətləri daha çox yadınızda qalıb?
– Qurbanqulu müəllim, ciddi və eyni zamanda səmimi insan idi. Üzərinə düşən vəzifəni sonadək yerinə yetirməyi sevərdi. Ictimai əsaslarla, bizə yardımçı olduğu vaxtlarda, fəallığı ilə digərlərindən əhəmiyyətli dərəcədə fərqlənməyi bacarırdı. Onu başqalarından fərqləndirən xüsusiyyəti, hamıyla dil tapmağı idi.
O, mənimlə azərbaycanca danışırdı
– Şəxsi münasibətləriniz hansı səviyyədə idi?
– Biz yaxın dost idik. O, mənimlə azərbaycanca danışırdı, hər ikimz idmanla məşğul olurduq. Aşqabadda ermənilərin antiazərbaycan çıxışları zamanı “biz eyni millətik, bunlarda cəsarətə bax, tamam ağıllarını itiriblər!” deyə heyrətləndiyi anı, olduğu kimi xatırlayıram. Idman onun həyatının bir parçası idi. Saatlarla institutun idman meydançasını tərk etmirdi. Idman yarışlarında birlikdə, institutun şərəfini qoruyurduq. Gözəl səsi var idi, gitarada pis çalmırdı.
– Onun prezident olacağı sizin üçün gözlənilməz oldu?
– Biz Saparmurad Niyazovun ən azı 50 il hakimiyyətdə olacağını təhmin edirdik (gülür). Belə olan təqdirdə, şəhər kənarında, darısqal bir mənzildə yaşayan müəllim haqda nə düşünə bilərdik. Mən onun rektor olacağına əmin idim, bunu ona şəxsən demişdim. Azərbaycana dönmək qərarıma ən çox etiraz edən də, məhz Qurbanqulu müəllim idi. Bu zaman o, artıq stomatologiya fakültəsinin dekanı idi. Prezident seçilməyinə çox sevindim. O, həm də orada yaşayan 1 milyona yaxın azərbaycanlının da prezidentidir.
“6 il bir yerdə çalışmışıq, zarafat deyil”
– Türkmənistanda bu qədər azərbaycanlı yaşayır?
– Bəli, ötən əsrdə və ondan öncə azərbaycanlıların burada lokal şəkildə məskunlaşması prosesi olub. Erməni provokasiyası zamanı, bütün azərbaycanlılar ayağa qalxmaq üzrə idilər. Həm də daxili işlər nazirliyinin işçisi olduğuma görə, bu məlumatlar bizə çatdırıldı, elə yaşayış məntəqələri var ki, oranın əhalisinin 90%-i həmyerlilərimiz idi. Sadəcə, bütün ortaq dəyərləri bölüşdüyümüz üçün, fərqlənmirik.
– Prezident seçiləndən sonra əlaqəniz olubmu?
– Yox, sadəcə cəhd etməmişəm. Bunun üçün, Aşqabada getmək lazımdır. O vaxtkı iş yoldaşlarımızın bəziləri, yüksək postlardadır. Müdafiə Nazirliyi, Daxili Işlər Nazirliyi, ümumiyyətlə iqtidarda saysız-hesabsız dostlarım var. Bu il Allah qoysa, köhnə dostları görməyə gedəcəm. 6 il bir yerdə çalışmışıq, zarafat deyil.
– Aşqabaddan döndüyünüzə peşiman deyilsiniz ki?
– Yəqin ki, orda qalsaydım, mütləq vəzifə sahibi olardım, amma Azərbaycan məmim doğma vətənimdir, hətta orda qalsaydım, bəlkə də bir az gec, amma mütləq geri dönərdim.
“Toylarında ev sahibi kimi iştirak etmişəm”
– Sizin prezidentlə bağlı özəl bir xatirəniz varmı?
– Biz demək olar ki, hər gün görüşürdük, onun bütün xeyir-şərində iştirak edirdim, oğlunun kiçik toy məclisi, bacısının toyunda qonaq kimi yox, ev sahibi kimi iştirak etmişəm. Anası rəhmətə gedəndə, mən onun hönkürtü ilə ağlamağını heç cür unuda bilmirəm. Ondan mənə yadigar qalan əşyaları hələ də saxlayıram.
– Bəzən onu diktatorlar siyahısına daxil edirlər…
– Istər-istəməz oradakı hadisələrlə maraqlanıram. Güzəran pis deyil, Azərbaycanla müqayisədə, əhalinin rifahı daha yüksəkdir. Mən onu yaxından tanıdığım üçün, bu siyahını bir qədər ədalətsiz sayıram, sizi inandırıram ki, o əbədi prezident olmaq fikrinə düşməyəcək. O, xalqını çox sevir, türk olduğu üçün qürur duyduğunu daim dilə gətirirdi.
Dekan olduğu müddətdə, daim kasıb tələbələrin qayğısına qalırdı, hətta onların birini himayəsinə də götürmüşdü.
Belə insan diktator ola bilməz.
– Bəzən onun Saparmurad Niyazovun nigahdan kənar oğlu olduğu haqda spekulyasiyalar dolaşır…
– Bu cəfəngiyyatdan başqa bir şey deyil. Qurbanqulu Berdımuhammədov anadan olanda, Səfərmurad Niyazovun 16 yaşı vardı və o, hələ yetimxanada idi. Bu əfsanə, 22 il Niyazovun kultuna səcdə etməyə məcbur edilmiş bir xalq üçün bəlkə də son bir “təsəlli” rolunu oynadı. Xalqı bu illər ərzində elə “zəhərləmişdilər” ki, Türkmənbaşı kultu, hətta islam dinini belə sıxışdırmağa (!) başlamışdı. Insanlar Ç.Aytmatovun qəhrəmanlarına çox bənzəyirdilər. Qorxu və kult sevgisi onların qəlbinə hakim kəsilmişdi. Onlar bu həyatla barışmışdılar. Bu spekulyasiyalar bəlkə də şüurlu surətdə yayılmışdı ki, insanlar çılğına dönməsinlər. Mən həm də, S.Niyazovun şəhər kənarındakı iqamətgahının mühafizə xidmətində də çalışırdım. Ona olan “sevgi fəlakəti” inanılmaz bir şey idi, sözlə izah ediməsi çox çətindir. Şükürlər olsun ki, biz analoji “sevgiyə yoluxmadıq”.
– Nə vaxtsa köhnə dostunu görə biləcəyinə ümid edirsənmi?
– Inşallah, görüşəcəyik. Mən buna inanıram.
– Keçmiş prezident kimi daha asan olar , yəqin ki…
– Fərq etməz, mən onu tanıyanda, adi müəllim idi. Vəzifə müvəqqətidir, dostluq əbədi. Bu sözlər ona məxsusdur.
– Ilk deyəcəyin söz nə olacaq?
– Azərbaycan ləhcəsində “necəsiniz, Qurbanqulu müəllim”. Hər görüşümüzdə onun mənə dediyi kimi…
Xaqani Əliyev