Ictimai Palatanın yerli şöbəsi bu haqda qərarı analoqsuz şəraitdə verdi
“Ismayıllı rayon rəhbərliyi sübut etdi ki, bugünkü hakimiyyətin Azərbaycan Konstitusiyasına, insan hüquq və azadlıqlarına zərrə qədər də hörməti yoxdur. Onlar bütün gücü ilə cəmiyyətdə kompromislərin yox, qarşıdurmanın güclənməsində maraqlıdırlar” – bu fikirlər Ictimai Palatanın Ismayıllı rayon şöbəsi adından redaksiyamıza daxil olub.
Bəyanatın yaranma səbəbi barədə IP Ismayıllı şöbəsinin əlaqələndiricisi Məzahir Şahpələngov məlumat verib. O deyib ki, uzun müddət rayon rəhbərliyinə iclas keçirmək üçün müraciətlərindən sonra nəhayət, aprelin 22-də saat 16-dan 18-dək Ismayıllı rayon mədəniyyət klubunda onlara yer ayrılıb. Bu haqda klub rəhbəri Zabit Babayev onlara cavab məktubu da yollayıb.
Amma deyilən vaxt Cəlil Məmmədquluzadənin məşhur “Qurbanəli bəy” hekayəsindəki hal təkrarlanıb. Belə ki, IP fəalları kluba gəldikdə oranın bağlı, rəhbərliyin isə yoxa çıxdığı bəlli olub.
Amma fəallar bununla ruhdan düşməyib. Açıq havada toplantılarını keçirərək ictimai-siyasi vəziyyəti müzakirə ediblər.
Müzakirələr zamanı rayonda mitinq keçirmək barədə qərar da qəbul edilib. Bu barədə növbəti gün yerli icra hakimiyyətinə müraciət olunacaq.
Natiq