5

Beynəlxalq birlikdən İctimai Palataya böyük dəstək (FOTO)

5Qərb diplomatları müxalifətlə nələri müzakirə etdi?

Qərb ölkələrinin diplomatları Ictimai Palatanın rəhbərliyi ilə görüşüb. Görüş aprelin 24-də Müsavat Partiyasının qərargahında baş tutub. Görüşə Avropa Şurası, ATƏT, Avropa Birliyi, Türkiyə, ABŞ, Almaniya, Fransa, Avstriya, Norveç, Böyük Britaniya, Belçika, Italiya, Isveçrə, Norveç, Yunanıstan, Hollandiya, Latviya səfirləri və yüksək səviyyəli digər diplomatları qatılıb. Mətbuata qapalı olan görüşdə Ictimai Palatanın Koordinasiya Şurasından AXCP sədri Əli Kərimli, Müsavat başqanı Isa Qəmbər, Leyla Əliyeva, Zəfər Quliyev, Pənah Hüseyn, Köçəri Nağıbəyli və Ilqar Ibrahimoğlu qatılıb. Görüş 2 saat çəkib. Başa çatandan sonra Qərb diplomatları müzakirələr barədə danışmaq istəməyiblər. AXCP sədri Əli Kərimli və Müsavat başqanı Isa Qəmbər isə jurnalistlərə ümumi məlumat verməklə kifayətləniblər.

Əli Kərimli bildirib ki, bu, Qərb diplomatları ilə Ictimai Palatanın rəhbərliyi arasında baş tutan sayca dördüncü görüşdür. Əli Kərimlinin sözlərinə görə, görüşdə Azərbaycanla bağlı önəmli məsələlərdən söhbət açılıb: “Biz Azərbaycanı Avropanın bir parçası kimi görmək istəyirik. Istəyirik ki, Azərbaycan hakimiyyəti Avropa Birliyi, ATƏT və Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirsin. Vətəndaşlarına hörmətlə yanaşsın. Sərbəst toplaşmaq, söz və fikir azadlıqları, siyasi məhbuslar, mülkiyyət toxunulmazlığı, dini etiqad azadlığı ilə bağlı öhdəliklərə əməl etsin. Bütün bunlar həm Azərbaycan konstitusiyası ilə təsbit olunub, həm də beynəlxalq öhdəlikdir. Deməli, bu məsələlərin hamısı həm bizə, yəni siyasi partiyalara, həm də Qərb diplomatlarına aiddir. Ona görə də bu barədə vaxtaşırı müzakirələr aparırıq”.

Əli Kərimli bildirib ki, görüşlə bağlı təşəbbüs Ictimai Palatadan gəlib: “Ilk görüşümüzdə belə razılaşma əldə olunmuşdu ki, Ictimai Palata hansısa mərhələlərdə məsləhətləşmələrə ehtiyac duyarsa, bu cür görüşlər keçirilsin. Biz də bu gün (dünən-red) dəvət etmişdik. Belə görüşlər bundan sonra da davam edəcək”.
Müsavat başqanı Isa Qəmbər Qərb diplomatları ilə görüşü ənənəvi müzakirələrin davamı adlandırıb: “Bundan əvvəl də belə görüşlər keçirilib, müzakirələr aparılıb. Görüşdə Azərbaycandakı ictima-siyasi vəziyyət, sərbəst toplaşmaq azadlığı, mətbuata basqılar, siyasi məhbusların taleyi, Azərbaycan Avropa münasibətləri, qısası bütün önəmli  məsələlər müzakirə mövzusu olub”.
Öətn dəfəki görüşlərdən sonra Qərb diplomatlarına qarşı hücuma keçən hakimiyyətin bu dəfə də analoji isterika nümayiş etdirə bilməsi ehtimalına gəlincə, Müsavat başqanı bildirib ki, iqtidarın bu addımından heç bir məntiq yoxdur: “Azərbaycanda fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların vəzifələrindən biri də odur ki, ölkədəki müxtəlif siyasi qüvvələri ilə vaxtaşırı görüşüb onların baş verən proseslərlə bağlı rəylərini öyrənsinlər. Bu normal bir prosedurdur. Gördüyünüz kimi hakimiyyətin belə mövqe sərgiləməsi nə bizi, nə də diplomatları narahat edir. Ona görə də bu görüşlər davamlı xarakter alıb və bundan sonra da görüşlər olacaq”.

Vidadi