«Bu, «Yeni Azərbaycan»ın köhnə azərbaycanlıya qısqanc münasibətidir»
Cəmil Həsənli: «Rüstəmə qarşı hücumlar vətəndaş mövqeyindən çıxış etdiyinə görədir»
Tanınmış kinodramaturq Rüstəm Ibrahimbəyovun vətəndaş mövqeyindən, Ziyalılar Forumundakı fəaliyyətindən narazı qalan hakimiyyət öz nəzarətində olan mətbuat orqanlarında onun əleyhinə “qara piar” kampaniyasını davam etdirir. Elə “Yeni Azərbaycan” qəzetinin son sayında dərc olunan “Rüstəm Ibrahimbəyovun qazandığını iddia etdiyi ”Oskar” mükafatı niyə Nikita Mixalkovun kabinetindədir?” başlıqlı məqalə də bu qəbildəndir.
R.Ibrahimbəyovu gözdən salmaq üçün onu “Azərbaycan ictimaiyyəti haqqında təhqiramiz ifadələr işlədən” şəxs kimi təqdim edən qəzet daha sonra yazır ki, o, Şəhidlər Xiyabanının yanında istirahət mərkəzi tikmək istəyib, bununla bağlı mənfi cavab aldığı üçün də radikallaşaraq müxalifət partiyalarında özünə boş kürsü axtarmağa başlayıb. Məqalənin ikinci hissəsi R.Ibrahimbəyovun əslində “Oskar” mükafatı qazanmadığı, məlumatsızlıqdan istifadə edərək bu ödülü öz adına çıxardığından bəhs olunur. Qeyd olunur ki, bu mükafat “Günəşdən usanmışlar” filminin ssenari müəllifi R.Ibrahimbəyova yox, rejissoru Nikita Mixalkova verilib.
Tanınmış kinodramaturq ölkədə olmadığından məsələ ilə bağlı Ziyalılar Forumunun başqa bir üzvü, tarixçi alim Cəmil Həsənlinin mövqeyini öyrəndik.
C.Həsənli bu məqaləni “Yeni Azərbaycan”ın köhnə azərbaycanlıya qısqanc münasibəti kimi qiymətləndirdi: “Bu mükafatı bütün kollektiv – filmin ərsəyə gəlməsində iştirak edən rejissor, ssenari müəllifi, baş rolun ifaçıları qazanıb. O mükafatda hamının payı var, eləcə də Rüstəm Ibrahimbəyovun. Bütün dünya bunu belə qəbul elədiyi halda ”Yeni Azərbaycan” qəbul etmək istəmir. Bu, “Yeni Azərbaycan”ın köhnə azərbaycanlıya qısqanc münasibətidir”.
R.Ibrahimbəyovun Şəhidlər Xiyabanının yanında istirahət mərkəzi tikmək istəyinə gəlincə, C.Həsənli bildirir ki, bu məkan istirahət mərkəzi üçün yox, “Kino evi” tikmək üçün istənilmişdi: “Əvvəla Rüstəm Ibrahimbəyov öz vətəndaş mövqeyini bu məsələlərdən xeyli əvvəl ortaya qoyub. Ikincisi, ”Kino evi” Şəhidlər Xiyabanının yanında yox, Bayılda – dağın başında tikiləcək, orada kino festivalları keçiriləcəkdi. Sadəcə olaraq, bunlar Azərbaycanı özəlləşdiriblər. Nə varsa bunların olmalıdır. Ona görə gətirib həmin ərazidə neft buruğu qurdular ki, guya neft çıxır. Halbuki hamı bilir ki, neft dağın başında yox, dağ ətəklərində olur. Bütün bunlar hamısı bəhanədir. Rüstəm Ibrahimbəyov Azərbaycanın ən böyük ziyalısıdır, şəxsiyyətidir. Vətəndaş mövqeyi ortaya qoyan ziyalıdır. Və ona hücumlar da bu mövqeyinə görədir. Rüstəm öz şəxsi maraqlarını düşünsəydi, heç öz mövqeyini bildirməzdi”.