Doğrudan, adamın inanmağı gəlmir ki, bir ailə başçısı öz ailə üzvlərindən qisas ala bilər. Axı dövlət də bir ailədi. Təsəvvür eləyək ki, bir ata və ya ana öz oğlundan-qızından qisas alır… Bu qədər cılız hiss mümkündürmü bir ailə içində? Mümkün deyil. Deməli, bu ölkədə nə ailə sayılası dövlət var, nə də onun başçısı. Bu cür dövlət başçılarına uzaqbaşı kənardan təyin olunmuş ailə rəhbəri demək olar. Ailə ilə heç bir bağlılığı, yaxınlığı olmayan bir rəhbər. Indi isə bir anlıq təyin olunmuş atanı xəyalınıza gətirin…
Ilham Əliyevin qoçu dəstələri 22 aprel mitinqinin elə səhəri günü mitinqdə iştirakçı olmuş, tribunadan fikirlərini sərbəst ifadə eləmiş ağbirçək ana Şirinbacı Rzayevanın Mirzağa Əliyev küçəsində yerləşən 211 saylı evini uçurmaq üçün tökülüşüb gəliblər. Xalqı qoruyan polis də ananı küçəyə atmaq üçün dəstədən geri qalmayıb. Vallah, yazıram, ancaq yenə də inanmağım gəlmir. Bir dövlətin başçısı bu qədər xırda hisslərlə yaşaya bilərmi? Bəs sən deyirdin, bizdə sərbəst toplaşma, söz, fikir azadlığı var? Nə oldu? Sərbəst toplaşıb fikirlərini sərbəst ifadə eləyən adamı elə sabahısı günü cəzalandırmaq üçün qoçu dəstələri göndərib yuvasını başına uçurur, özünü, ailəsini, uşaqlarını küçəyə atırsansa, buna azadlıqmı deyirsən? Kimi aldadırsan? Bizimi? Dünyanımı? Küçəyə atılanlarımı? Bunların heç birini aldatmaq mümkün deyil. Təki özünü aldatma, qardaş! Ən pisi də elə budu: özünü aldatmaq.
Əlbəttə, belə təyin olunmuş, xalqın və ya Tanrının seçdiyi deyil, hansısa müəmmalı yollarla təyin olunmuş başçıdan isə daha artığını gözləməyin özü absurddu və yazıqlar olsun ki, bu günəcən hələ çoxları ailəyə kənardan soxuşdurulmuş bir rəhbərdən, başçıdan nəsə umub və bəziləri hələ də nəsə ummaqda davam eləyirlər.
Əlbəttə, təyin olunan ailə başçısı qisas üçün vətəndaşlarını öldürəcək, şərlədəcək, türmələrə atdıracaq, evinə soxulub intim həyatını çəkdirib yayacaq. Çünki o, kiminsə onu sevməməsilə heç cür barışa bilmir. Ona elə gəlir ki, rəhbəri təyin olduğu ailədəki hər kəs onu sevməli, bir sözünü iki eləməməli, bütün ayıblarına kor olmalıdı. Onun ağlının ucundan belə keçmir ki, insanlardan sevgi ummaq üçün gərək o sevgini qazanasan.
Hər şeyə hökm eləmək olar, bircə “könül fərman dinləməz”… Insanın ürəyini ələ almaq üçün gərək öz ürəyini onun yolunda əridə biləsən, gərək gözünün yağını ona yedirdə biləsən… Bu ölkədə kim gördü bu təyin olunan ailə başçısından bu fədakarlığı? Heç kim. Onun var-dövlət verdikləri belə, ondan sevgi görməyib. Sadəcə, gördükləri yal olub və ona görə də bir gün yer-yerindən oynayanda hətta milyonlar, milyardlar sahibi olmuş həmin şəxslər də “uf” demədən onu satacaq, bıçağı arxadan saplayacaq, illərlə onlara it gözündə baxdığına görə ondan qisas alacaqlar.
Ailə başçısının qisascanlılığı, xırda hisslərlə yaşaması istər-istəməz onun təkcə kölələrinin deyil, həm də müxaliflərinin də canına hopacaq və bir gün həmin o məşum an yetişəndə eyni amansızlıq, eyni vəhşilik və eyni xırdaçılıqla ondan öz qisaslarını almağa çalışacaqlar. Ölkənin var-yatırını, qazını-neftini sümürmək hələ elə dəhşətli faciə deyil, bir gün millət çalışıb neftsiz-qazsız da ideal yaşam qura bilər, ən dəhşətlisi onun qanına hopmuş bu cür cılız hisslər, xəstə yanaşmalardı. Məni həmin o gün narahat eləyir. Onda evi başına uçurulmuş heç kimə deyə bilməzsən ki, onların evlərini başlarına uçurmasın və s. Qəzzafinin linç səhnəsi hələ də gözümün qabağından getmir. O, imdad diləyir və deyirdi: “Axı mən sizin atanızam…”.

Qisasçı dövlət başçısı
•
•