Liviya Qəzzafi ənənələrindən imtina edir

Ölkənin yeni hökuməti demokratiya istiqamətində mühüm addım atdı; siyasi partiyalar haqqında qanun qəbul olundu

Liviyada 42 illik Qəzzafi diktaturasınən devrilməsindən sonra ölkəyə müvəqqəti rəhbərlik edən Milli Keçid Şurası yaxınlaşan parlament seçkilərinə zəmin hazırlayacaq siyasi partiyalar haqda qanununu qəbul edib. MKŞ-nın qəbul etdiyi yeni qanuna görə, Liviyada din, tayfa və bölgə təməlinə söykənən siyasi partiyaların qurulması mümkün olmayacaq.

Yeni qanunla siyasi partiyaların başqa bir ölkədə fəaliyyət göstərən partiyanın davamı olması və ölkə xaricindən maliyyə dəstəyi alması da qadağan edilir.
MKŞ-nın sözçüsü Məhəmməd Xarizm şura üzvlərinin yeni qanun layihəsi üzərində razılığa gəldiyini söyləyib. Qanuna əsasən bir siyasi partiyanın qurula bilməsi üçün ən az 250 üzvünün olması lazımdır.

Əlavə edək ki, Liviyada 42 il ərzində siyasi partiyanın qurulması qadağan idi. Bu səbəbdən ölkədə siyasi partiyalar haqqında qanun da yox idi. Ancaq buna baxmayaraq iyunun 19-da keçirilməsi planlaşdırılan parlament seçkilərində iştirak etmək üçün çoxlu sayda siyasi partiya qurulmuşdu.

İnformasiya şöbəsi