Libermanın Bakı səfərinin pərdəarxası

Vəfa Quluzadə: «Azərbaycan-Israil əlaqələrinin inkişafı Iranın Azərbaycana qarşı aqressiv siyasətinin nəticəsidir»

Israilin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfərinin əsas məqsədi açıqlanmasa da, onun regionda baş verənlər, əsasən də Iran məsələsinə xüsusi önəm verdiyi məlumdur. Libermanın ölkə başçısı və xarici işlər naziri ilə görüşlərində də bu məsələnin əsas müzakirə predmeti olacağını ehtimal etmək olar. Bu görüşlər zamanı Israil XIN başçısı həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrin əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Bu da Israilin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycandan bəzi məsələlərdə dəstək istəməsi anlamına gələ bilər. Xatırladaq ki, bu günlərdə Iran növbəti dəfə Israili hədələyərək onu yer üzündən siləcəyini deyib. Əsas məqsədi açıqlanmayan səfərdə Israil xarici işlər naziri Azərbaycan rəhbərliyi ilə nələri müzakirə edə bilərdi?   
Politoloq Vəfa Quluzadə hesab edir ki, Libermanın səfəri ilk növbədə Azərbaycan-Israil əlaqələrinin inkişafının bir təzahürü, nümunəsidir. Çünki əvvəllər bu səviyyədə Israil diplomatları, dövlət xadimləri Azərbaycana gəlmirdi.
Ekspertin sözlərinə görə, Azərbaycanla Israilin olduqca əhəmiyyət kəsb edən problemləri var. Israil üçün əsas Iran problemdir. Çünki Iran Israili yer üzündən siləcəyini bəyan edib. Azərbaycanın əsas problemi isə Qarabağ məsələdir. Israilin yəhudi lobbisinə təsiri böyük olduğundan onun vasitəsilə Qarabağ münaqişəsinin həllində Azərbaycana kömək edə bilər.
Ekspert Libermanın Bakıda görüşləri zamanı Iran-Azərbaycan, Azərbaycan-Amerika, Azərbaycan-Avropa əlaqələri, Azərbaycanın NATO-ya inteqrasiya məsələlərinin də müzakirə edilə biləcəyini istisna etmir. Lakin bir məsələ aydındır ki, Israil heç vaxt Azərbaycandan Irana zərbə vurmaq fikrində ola bilməz. Çünki Azərbaycan buna razılıq verməz. Ona görə Libermanın səfərinə normal baxmaq lazımdır.
Ekspertin fikrincə, Azərbaycan-Israil əlaqələrinin inkişafı Iranın Azərbaycana qarşı aqressiv siyasətinin nəticəsidir. Çünki vaxtilə Azərbaycan Irandan çəkindiyinə görə Israillə bu səviyyədə əlaqələr saxlamırdı. Artıq Azərbaycan Iranla hesablaşmır.

Fizzə