Həsən Kərimov: «ATƏT-ə mitinqlərin yeri ilə bağlı verilən vəd növbəti belə aldatma cəhdidir»
Mehman Cavadoğlu: «Vədlə beynəlxalq qurumları «yola verirlər»
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay Ictimai Palatanın son mitinqlərindən danışarkən aksiyalar üçün ayrılan yerlərə də toxunmuşdu. K.Torqay bildirmişdi ki, gələcəkdə aksiyaların keçirilməsi üçün daha mərkəzi yerlər ayrılacaq. Yüksək səviyyəli hökumət rəsmilərinin bununla bağlı fikirlərinin olduğunu deyən səfir daha bir diqqətçəkən açıqlama vermişdi. O, qeyd etmişdi ki, artıq dünyada avtoritar polis dönəmi başa çatıb.
AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyir ki, Azərbaycan hakimiyyəti ATƏT də daxil olmaqla bir çox beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl edəcəyi ilə bağlı dəfələrlə vədlər verib. Lakin bu vədlər heç vaxt reallığa çevrilməyib: “Bu da növbəti belə vədlərdən başqa bir şey deyil. Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatları dəfələrlə aldadıb. Dünyada vəziyyət dəyişib. Azərbaycan iqtidarına olan qəzəbi sakitləşdirmək, Azərbaycan hakimiyyətinə olan təpkiləri bir balaca səngitmək xatirinə belə vədlər verirlər. Mən bu hakimiyyətin bu məsələdə səmimi olmasına inanmıram. Yaxşı olardı ki, ATƏT nümayəndələri də bu məsələdə qətiyyətli addımlar atsınlar. Çünki gəlirlər, görüşürlər, heç bir nəticəsi olmur. ATƏT artıq sözdən əmələ keçməlidir. Çünki dünyanın gündəmi dəyişib, avtoritar rejimlərin yola salınmasında bu qurum da məsuliyyət daşıyır”.
ATƏT rəsmisinin dünyada avtoritar polis dönəminin başa çatdığı ilə bağlı açıqlamasına gəlincə, H.Kərimov hesab edir ki, Azərbaycan haqqında bunu hələ demək olmaz: “Bütün dünyada polis rejimlərinə qarşı ciddi təzyiqlər var. Və bir çox ölkədə bu məsələ həllini tapmaq üzrədir. Çox təəssüf ki, Azərbaycan haqqında bunu demək olmaz. Son aksiyalarda da polisin necə davrandığının şahidi olduq. Azərbaycanda polis siyasətlə məşğuldur”.
Müsavat başqanının müavini Mehman Cavadoğlu da hesab edir ki, Azərbaycan hakimiyyəti beynəlxalq qurumlara dəfələrlə vəd verib və sonradan onların demək olar ki, heç birinə əməl etməyib: “ATƏT təbii ki, hakimiyyətin onlara dediyi sözü çatdırır. Müəyyən vaxtdan sonra isə məlum olur ki, hakimiyyət bu vədləri ”yola vermək” üçün səsləndirir. Bu vədlərin həyata keçməsi üçün beynəlxalq qurumların da üzərinə məsuliyyət düşür. Əgər Azərbaycanda demokratiyanın bərqərar olmasında həqiqətən maraqlıdılarsa, hakimiyyətə təpkiləri artırsınlar. Əgər aksiyalar şəhərin mərkəzində keçirilsə, iştirakçıların sayı indikindən dəfələrlə artıq olacaq”.