İctimai Palata 6 may mitinqini müzakirəyə başladı

Aprelin 25-də İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası keçirilib. Koordinasiya Şurasının üzvü Rafiq Manafovun sədrliyi ilə keçən iclasda ilk olaraq 22 aprel mitinqinin nəticələri müzakirə olunub. Həmçinin mitinqlə bağlı bəyanat qəbul olunub: “22 aprel mitinqi kütləvi hərəkatın yüksəliş əlaməti kimi dəyərləndirilib. Mayın 6-na təyin edilən növbəti mitinq də müzakirəyə çıxarılıb. Və bu müzakirənin növbəti iclasda da davam etdirilməsinə qərar verilib. Ziyalılar Forumu ilə görüşdə əldə olunmuş razılıq ətrafında da fikir mübadiləsi aparıldı. Həmin razılığa əsasən may ayında Ziyalılar Forumu ilə birlikdə müşavirə keçiriləcək”.  

R.Manafovun sözlərinə görə, əsas müzakirə mövzularından biri də səfirlərin və beynəlxalq qurum nümayəndələrinin KŞ üzvləri ilə görüşü olub: “Görüşün nəticələri yüksək qiymətləndirildi. Şura üzvlərinin fikirləri dinlənildi. Bu cür görüşlərin davam etdirilməsi barədə razılıq əldə olundu”.
R.Manafov növbəti iclasın iki gün sonra keçiriləcəyini bildirib.