İctimai Palatanın Koordinasiya Şurasının 22 aprel 2012-ci il mitinqi ilə bağlı bəyanatı
22 aprel 2012-ci il tarixli mitinqinin nəticələrini dəyərləndirərək İctimai Palatanın Koordinasiya Şurası aşağıdakıları olkə və beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırmağı lazım bilir:
1. Bakı şəhərində 22 apreldə mitinqin keçirilməsi barədə İctimai Palatanın müraciəti ilə bağlı Azərbaycan hakimiyyətinin hərəkəti ölkədə sərbəst toplaşma azadlığının kobud şəkildə məhdudlandırıldığının növbəti kobud nümayişi olmuşdur. İctimai Palatanın 08 aprel mitinqi barədə müraciətində aksiyanın “Təbriz” kinoteatrı və ya “Nərimanov” kinoteatrı və ya metronun “Dərnəgül” stansiyası qarşısındakı meydanların birində keçirilməsi barədə xəbərdarlıqla müraciəti etmişdi. Bakı şəhər İcra Hakimiyyəti həmin ünvanlarda intensiv nəqliyyat hərəkətinin olması haqqında əsassız bəhanəni təkrar göstərərək, həmin ünvanlarda mitinqin keçirilməsinə qadağa qoydu və yenə də 20-ci sahədə olan meydanı təklif etdi. Halbuki metronun “Dərnəgül” stansiyası yaxınlığındakı meydan ətrafında intensiv nəqliyyat hərəkəti iddiası absurddan başqa bir şey deyildir.
2. 22 aprel mitinqi ərəfəsində və mitinq günü siyasi müxalifət fəallarına və sıravi mülki şəxslərə qarşı ənənəvi sıxışdırma, inzibati və psixoloji təzyiqlər və repressiya aktları tətbiq etdirilmişdir. Lakin bu dəfə təzyiq və əngəllər daha geniş miqyasda və daha sərt hərəkətlərlə müşahidə olunmuşdur. Polis tərəfindən, o cümlədən şöbələrə çağırılaraq hədələnənlərin sayı yüzlərlə olmuşdur. Mitinq barədə bildiriş vərəqələri yayan onlarla fəal, o, cümlədən ilk dəfə olaraq qadınlar saxlanılmış, inzibati həbs cəzaları verilmişdir. Mitinq günü onlarla avtobusun cərimə meydanlarına aparılması ilə yanaşı, bu dəfə həm də sərnişinlər polis orqanlarına aparılıb saxlanılmışdır. 22 aprel günü də artıq bu dəfə gündüz saat 1400-dən başlayaraq, 20-ci sahə istiqamətində işləyən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdır. Eyni zamanda bu qadağalar açıq, nümayişkaranə şəkildə, polis və Nəqliyyat Nazirliyi müfəttişləri tərəfindən küçələrə ağır maşınlar qoymaq və texniki izləmə vasitələrindən istifadə etməklə rəsmən həyata keçirilmişdir. Yüzlərlə avtobus qarajlarda saxlanmışdır. Mitinq meydanına ehtiyat generatorun gətirilməsi qadağan olunmuş və elektrik işığı iki dəfə kəsilmişdir.
İctimai Palatanın Koordinasiya Şurasına bu əngəllərin ən yüksək siyasi rəhbərliyin göstərişi ilə bağlı olduğu dəqiq məlumdur. İnformasiyaya görə, iqtidar yetkililəri birinci vəzifəli şəxsi inandırmışdılar ki, onun hökumət müşavirəsindəki məlum çıxışından sonra 22 aprel mitinqinə 08 aprel mitinqindən ən azı iki dəfə az iştirakçı gələcəkdir.
3. Bütün bu çirkin və qanunsuz maneələrə, təzyiqlərə baxmayaraq, gözlə açıq-aşkar göründü ki, 22 apreldə iştirakçıların sayı nəinki azalmamış, əksinə hiss edilən dərəcədə – bir neçə min nəfər artmışdır. Mitinq böyük coşqu ilə keçmiş və ölkə ictimai rəyində demokratik qüvvələrin qeyd-şərtsiz uğuru kimi qəbul edilmiş, ruh yüksəkliyinə səbəb olmuşdur. 22 aprel mitinqi 08 mitinqindən fərqli olaraq “Evronews” və dünyanın digər aparıcı televiziya kanallarında yayımlanmış, ən məşhur agentliklər tərəfindən şərh edilmişdir və bu proses davam edir.
4. 22 aprel mitinqi köklü demokratik dəyişikliklər uğrunda hərəkatın yüksələn xətlə inkişaf etməsinin əyani nümayişi və sübutudur. Yuxarıdakılara əsasən İctimai Palatanın Koordinasiya Şurası hesab edir ki, 08 aprel aksiyası uğurla baş tutmuşdur və nəzərdə tutulan məqsədlərə nail olunmuşdur. Koordinasiya Şurası qeyd etməyi lazım bilir ki, bu uğur yalnız İctimai Palatanın deyil, mitinqə dəstək verən ziyalılarımızın, vətəndaş cəmiyyəti təşkilatlarının və gənclik hərəkatının, etiqad azadlığı hərəkatının uğurudur.
5. İctimai Palatanın Koordinasiya Şurası bəyan edir ki, 08 aprel və 22 aprel mitinqlərindən sonra ölkədə yaranmış ictimai-siyasi vəziyyəti dəyərləndirərək, o cümlədən hakimiyyətin sərbəst toplaşma azadlığını məhdudlaşdırmaq istiqamətində hərəkətlərini davam etdirdiyini, 22 aprel mitinqinin faktiki olaraq razılaşdırılmamış aksiya şərtləri ilə keçirildiyini nəzərə alaraq, ciddi təminatlar verilməməsi halında növbəti aksiyalarının taktikasında dəyişikliklər etmək məcburiyyətində qalacaqdır.
İctimai Palatanın Koordinasiya Şurası ,
25 aprel 2012-ci il