Bəxtsiz Azərbaycan

“Azərbaycan, mənim taxtım, tacım oy!” – Bu sətirlərdə təkcə həsrət yoxdur, Azərbaycanın, onun vətəndaşlarının bəxtsizliyi də var. Bu da Tanrının qismətidir. Bir belə var-yatırı olan ölkə bəxtsiz, talesizdir.
Bu qənaətə dünən bəzi saytlarda yazılmış xəbəri oxuyanda bir daha gəldim. “Putin istefa verib” xəbəri Rusiyadan gəlib. Ölkə prezidenti seçilən (necə seçilməsinin bu xəbərə dəxli yoxdur) Vladimir Putin Vahid Rusiya Partiyasının sədrliyindən istefa verib. Ölkə prezidenti olmaq hətta Rusiyada da böyük önəm daşıyır. Prezident bir partiya sədri səviyyəsinə enməməlidir. Xalqın rəhbəridirsə, bu statusa uyğun da fəaliyyət göstərməlidir. Necə ki, Putin edib. Biz bu sarıdan da bəxti gətirməyənlərdənik. Heydər Əliyev prezident olanda da YAP sədri qaldı. Indi həmin yolu – bəziləri buna Heydər Əliyev yolu deyirlər – Ilham Əliyev davam etdirir. O, YAP sədri olaraq qalır. Ikinci dəfə prezident seçiləndən (necə seçilmənin də mövzumuza dəxli yoxdur) sonra da partiya sədrliyindən istefa vermədi. Niyə?
Hə, burda Qəribi ağlamaq tutur. Dünya indi başqa dünyadır. Heydər Əliyevin vaxtında olan dünya deyil ki, onun “yolu”na yapışıb gedəsən. Yəni gör-götür dünyasıdır. Şübhə yoxdur ki, Ilham Əliyev də baxır, görür, yeri gəlmişkən, prezident olaraq onun günü xaricdə keçir. Görüb-götürmək baxımından başqalarından üstün durumdadır. Di gəl ki, alınmır. O da ən azı daim siyasətinə, həm də tövsiyələrinə böyük önəm verdiyi Putin yolunu tuta bilərdi. Amma neyləsin ki, onun Medvedevi yoxdur. Açığı, çoxları Rusiyada hakimiyyət dəyişikliyini hiss eləmədi. Düz-əməlli bilinmədi ki, ölkənin başçısı kimdir, Medvedev, yoxsa Putin? Işi elə qurmuşdular ki, hər ikisi özünü dövlətin başçısı sayırdı. Buna uyğun da açıqlamalar verirdilər. Gəlin, görək bizdə bu varmı? Ölkə əhalisinin çoxu baş nazir Artur Rəsizadəni tanımır. Çoxları onun hansı vəzifəni gerçəkdən daşıdığını bilmir. Bütün bunları Ilham Əliyev də görür axı. Bəlkə o özü də bilmir Artur Rəsizadə hansı vəzifə sahibidir. Indi belə bir adama necə yerini versin. Necə desin ki, görüntü xatirinə də olsa, hərdənbir yerimizi dəyişək. Prezidentlik nədir, heç YAP sədrliyini də ona etibar eləmir…
Bax, bizim millət olaraq bəxtsizliyimiz bundadır.
Heç kimin adamı…
Dünən dəyərli bir ziyalı – Midhət Abbasovla vida mərasimiydi. Akademikin dəfnindən sonra molla üzünü adamlara tutdu: “Bəlkə kimsə söz demək istəyir?” – bu, ritorik sual oldu. Kimsə danışmaq istəmədi. Deyəsən “eşitmədilər”. Sözləri yox idi? Məqamı gələndə, kimisə tərifləmək gərək olanda, şəxslərinə toxunan söz deyiləndə dil-dil ötən adamlar – akademiklər, yazıçılar, şairlər susdular. Onların danışmağa, akademikə, dəyərli ziyalıya son söz deməyə cəsarətləri yox idi. Yalnız belə yozmaq olar.
Midhət müəllim 1994-cü ildəki məşhur çıxışıyla özünü “unudulmuşlar” cərgəsinə yazdırmışdı. Dəfnindən, akademikin adına layiq keçirilməyən vida mərasimindən də bunu görmək olurdu. Heydər Əliyevin “Sən mənim adamım olmusan” sözlərinə “Mən heç vaxt heç kimin adamı olmamışam” akademik cavab, görünür, çoxlarını hələ də diksindirir. Allah rəhmət eləsin! Ölüyə də rəhmət var, diriyə də…