Avropa Parlamenti Qarabağ probleminin ədalətli həlli yolunu söylədi

Bəs bizim hakimiyyət bu haqda niyə susur?

Ötən həftə Strasburqdakı sessiyasında Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə barədə bizim şanlı hakimiyyət hələ də susmaqdadır. Illərdir deyirlər ki, Avropa və dünya birliyi Qarabağ problemində ədalətli deyil. Bəs indi niyə susursunuz? Avropa sözünü dedi. Avropa Parlamenti Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsini, həm hərbi, həm də fiziki kontingenti oradan çıxarmasını tələb etdi.  Ermənistana açıq şəkildə deyildi: Üçüncü ölkənin ərazisinin işğalı beynəlxalq hüququn pozulmasıdır, Avropa qonşuluq siyasətinin əsas prinsiplərinə ziddir və bununla da bütün Şərq Tərəfdaşlığı layihəsini təhlükə altına qoyur.
Avropa Parlamenti Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərlərinin qanunsuz fəaliyyəti sarıdan ciddi narahat olduğunu bəyan etdi, Ermənistana Dağlıq Qarabağda xidmət keçmək üçün əsgər göndərməmək barədə çağırış etdi. Sənəddə həmçinin vurğulanır ki, Dağlıq Qarabağın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşmasını artırmaq üçün Ermənistan hakimiyyətinin siyasətinə dair məlumatlar araşdırılmalıdır.
Bir sözlə, Avropa Birliyi Ermənistana “işğalı dayandır və Azərbaycanın torpaqlarını azad et”“ söylədi…
Amma bizim hakimiyyət susur. Demokratiya və insan haqları ilə bağlı tənqidlər səsləndirəndə Avropanı Qarabağ barədə susmaqda ittiham edən bu hakimiyyət indi özü susur. Halbuki sevinməli, alqışlamalı idi. Bu mövzuda lektora çevrilmiş Qənirə Paşayeva isə sözügedən qətnamədən xəbərsiz kimi bu günlərdə Avropa Şurasını Qarabağ barədə susmaqda ittiham edib. Bütün məclis boyu Koroğlu dastanından oxuyan aşığa “Bir ağız da Koroğludan oxu” deyən adamın gününə düşən bu layiqli vətəndaşlar niyə susurlar məlum qətnamə barədə?
Çox sadə səbəbə görə. Avropa Parlamenti Qarabağ probleminin ədalətli həlli yolunu təklif edir, amma problemin bu cür həlli bizim iqtidara sərf etmir. Bəli, sərf etmir.
Sözügedən qətnamədə Ermənistanın işğalçılığı pislənsə də, ondan torpaqlarımızı azad etmək tələb edilsə də, burada Azərbaycan haqda da nələrsə var. Bax, bu çox maraqlıdır. Qətnamədə bildirilir ki, Azərbaycan da çox şeylər etməlidir. Demirlər Ermənistana, yaxud ermənilərə nəsə verək. Sadəcə tələb edirlər ki, bütün problemlərin həlli üçün Azərbaycan demokratikləşməlidir. Sənəddə deyilir ki, ölkəmiz vətəndaşların fundamental haqları və azadlıqları, o cümlədən mülkiyyət hüquqları, vətəndaş cəmiyyətinin inkişafı, qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə, siyasi plüralizm, medianın və məhkəmələrin müstəqilliyi ilə bağlı problemləri həll etməlidir.
Bu açıq mesajdır. Demokratikləş və Qarabağı geri al! Avropa Birliyi açıq şəkildə deyir ki, həm azərbaycanlıların, həm ermənilərin bir ölkədə və qonşuluqda problemsiz yaşaması üçün yol budur: azadlıqları və hüquqları qorumaq.
Avropa Birliyi Azərbaycana açıq şəkildə deyir ki, Şərq Tərəfdaşlığı layihəsi sizi Avropa ailəsinə aparır, irəli gedin, Avropa dəyərlərinə layiq olun, inkişaf edin, üstəlik,  torpaqlarınızı da alın – o zaman ermənilər də azad şəkildə bu torpaqlarda yaşaya biləcəyinə inanacağından Qarabağ problemini həll etməyə əngəl olmayacaq.
Ermənistana yönələn tələblərdə isə deyilir ki, Azərbaycan torpaqlarının işğal olunması Avropa Birliyi ilə yaxınlaşmağa ən böyük əngəldir. Avropa Birliyi ilə əməkdaşlıq üçün işğal olunmuş torpaqları azad etmək qonşu ölkənin qarşısında şərt kimi qoyulur. Bu elə ermənilərə də vəd verməkdir – Dağlıq Qarabağın Azərbaycanın tərkibində olması ilə razılaşın və Avropa Birliyinə daxil olun. Dinc, azad, sülh və rifah içində yaşayın.
Hər iki ölkə üçün bundan yaxşı nə variant ola bilər? Amma bu yol bizim monarxiya hakimiyyətimizə sərf edirmi? Oxşar Ermənistan hakimiyyətinə sərf edirmi? Sual budur!