Bir daha: Akademik Midhət Abbasov! Ayrı sözə gərək yox. Azərbaycan xalqının yaddaşına yazılmış KIŞI! Belə də demək olar: adı ilə bioqrafiya yaratmış adam. Aradan uzun illər (19 il!) keçsə də, Azərbaycanın hər yerində onu bəlli bir mənlikli sözə, Azərbaycan-Türk kişisinə çox yaraşan bir davranışa görə sevir, sayğılandırırdılar. Bir-iki sözlə, ağayana duruşla o, bütün ölkədə özünə böyük urvat qazanmışdı.
Gözünüzün önünə bir daha 19 il öncəni gətirin. H.Əliyev yenidən hakimiyyətə yiyələnmişdi. Yenidən bütün ölkəni qorxuya bürümək üçün tanınmış adamları, az öncənin hakimiyyət yetkililərini teleekranlarda, bütün xalqın gözü qarşısında bir-bir sındırıb atırdı. Açıq-aydın görünürdü: çoxları böyük qorxu içində sındırılmadan sınmışdı. Onlar eləcə sıralarının çatmasını gözləyirdilər. “Şair, hökmdarın hüzurundasan” kimi bir görsəniş yaranmışdı. Içində sınmaqla iş bitmirdi; onlar bir-bir xalqın gözü qarşısında sınmalı, sındırılmalı idilər. Sındırılmalı idilər – bütün ölkəyə görk olsun deyə. Sıra Akademik Midhət Abbasova çatır. H.Əliyev Akademiki acıqla süzüb, deyir: “Sən mənim adamım olmusan”. Böyük qorxu içində böyük səssizlik. Birdən Akademikin səsi ucalır: “Mən heç kimin adamı olmamışam!”. Beləcə, bir neçə sözlə o özünü xalqın yaddaş bitiyinə yazdı, çağdaş Azərbaycan tarixinin FƏXRI XIYABANINDA toxunulmaz yer tutdu.
Kimlərsə üstün görəv kefindən özlərini Tanrıdan sığortalanmış saymasınlar; biz hamımız bu dünyaya getmək üçün gəlmişik. Kimin necə getməyi özünün anlağına, qanacağına bağlıdır. Akademik Midhət Abbasov da getdi…
Teleradionun, informasiya agentliklərinin yaramazcasına susqunluğundan, soraq bizə gec çatmışdı. Ora-bura zəng vurduq, hardan götürüləcəyini öyrənib, yola düşdük. Yollardakı tıxac üzündən gecikdiyimizi görüb yenidən telefona əl atası olduq. Harda basdırılacağını bilmək üçün yaxınlarından birilə danışdıq. Biz Birinci Fəxri Xiyabanı düşünürdük, onu ikinciyə də yaraşdırmamışdılar. Bizə onun Yasamal qəbristanlığındakı orta yerdə basdırılacağını dedilər. Gedib, deyilən yeri tapdıq. Qəbir qazılmışdı, ancaq… Bizə: “Hakimiyyət qərarını dəyişib, Ikinci Fəxri Xiyabanda yer verib”, – dedilər. Ikinci Fəxri Xiyabana getdik. Tez gəlmişdik, burda beş-on adam vardı, bir də… bu gün bir Akademikə qazılmış ikinci qəbir! Bir hökumətin BƏLLI bir Akademiklə bağlı bir gündə verdiyi iki yer-qəbir qərarı! Görün, biz nə gündəyik…
Türkiyənin düşməni, Əliyevlərin sevimli dostu, Israilin bu günlərdə Bakıda olmuş baş diplomatı buyurur: “Bakıda Ilham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərdə beynəlxalq siyasətin bütün spektri, regional məsələlər, o sıradan, Iranla bağlı məsələ müzakirə olundu”. “Beynəlxalq siyasətin bütün spektri”, bir də… bir Akademiklə bağlı iki qəbir siyasəti! Tanrım, bizə kömək ol!
Gələnlərin çoxu Akademikin işdaşları, Milli Elmlər (milli elmlər?!)Akademiyasının alim-akademikləri idi. “Milli Akademiya” adına çox yaraşan bir görsəniş: bu adamların çoxu bir-birilə rusca danışırdı. Bildiyimə görə, Yer üzündə 190 milyon adam rus dilində danışır. Sən demə, bu 190 milyonun içində başlıca yeri bizim “Milli Elmlər” Akademiyasının ALIM kontingenti tuturmuş.
Akademiyanın prezidenti M.Kərimov, akademik M.Əlizadə, xalq artisti, konservatoriyanın direktoru F.Bədəlbəyli qəbir başında durmuşdular. Onlar da rusca danışırdılar. Molla işini qurtarıb, qəbir başındakılara üz tutdu: “Kimlər çıxış eləmək istəyirlər, buyursunlar”. Tanınmış aydınlardan biri: “Prezident çıxış eləsin”, – dedi. Prezident Türkcə danışan bu adamı başa düşmədiyindən, çıxış etmədi. Beləcə, Akademik Midhət Abbasov torpağa tapşırıldı. Çoxsaylı televiziyalardan, informasiya agentliklərindən kimsə yox idi. Olsun, bu da bir tarixdir – heydərizm rejiminin susqun repressiya tarixi!

Akademik Midhət Abbasov…
•