Vicdan məhbusu Vidadi Isgəndərli may ayında keçiriləcək “Avroviziya-2012″ musiqi yarışması ərəfəsində özünün və digər vicdan məhbuslarının ölüm aclığına başlayacaqlarını bəyan edib.
Ali Məhkəmədə keçirilən proses zamanı Isgəndərli bildirib ki, bununla vicdan məhbusları musiqi yarışmasına gələcək müğənnilərin və jurnalistlərin diqqətini cəlb etməyi, qanunsuz olaraq həbs edildiklərini və həbsdə saxlandıqlarını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq istəyirlər. ”Günahsız həbs edildiyimizə görə ölüm aclığına başlayacağıq. “Eurovision”a gələn müğənniləri və jurnalistləri türmələrə dəvət edərək bizimlə görüşmələrini xahiş edəcəyik”, – deyə Isgəndərli məhkəmə zalında bildirib. 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkilərində namizəd olmuş Vidadi Isgəndərli 2011-ci ilin mayında, yəni seçkilərdən 6 ay sonra seçki cinayətlərində ittiham edilərək həbs olunub. Qeyd edilməlidir ki, Isgəndərli müxalifət partiyalarının təşkil etdiyi 17 aprel 2011-ci il tarixli etiraz aksiyası günü həbs edilərək 15 sutkalıq inzibati qaydada həbs alıb, 15 gün bitdikdən sonra onun barəsində seçki ittihamları ilə həbs-qətimkan tədbiri seçilib. Isgəndərli Göyçay Rayon Məhkəməsinin hakimi Elxan Süleymanovun qərarı ilə 3 il azadlıqdan məhrum edilib, Şəki Apelyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlamışdı. Aprelin 10-da Ali Məhkəmə də bu qərarın dəyişdirilməməsi barədə hökm çıxarıb.
Qeyd edək ki, Azərbaycanda hazırda 14 vicdan məhbusu var – Vidadi Isgəndərli, Bəxtiyar Hacıyev, Tural Abbaslı, Elnur Məcidli, Əhəd Məmmədli, Arif Hacılı, Babək Həsənov, Məhəmməd Məcidli, Sahib Kərimov, Ülvi Quliyev, Şahin Həsənli, Arif Alışlı, Zülfüqar Eyvazov və Rüfət Hacıbəyli. Bu şəxslərin hamısı ötən ilin mart və aprel aylarında Azərbaycanda “Ərəb baharı” nəticəsində başlanan yeni etiraz aksiyalarının təşkil edilməsinə və onlarda birbaşa iştirak etdiklərinə görə qanunsuz olaraq azadlıqdan məhrum ediliblər.