Fransada seçkinin ilk turundan sonra hazırkı prezidentin ikinci dəfə eyni postu tutması sual altındadır
Fransada prezident seçkilərinin ilk turu keçirilib. 40 milyona yaxın seçicinin 80 faizindən çoxunun qatıldığı ilk turda hazırkı ölkə başçısı Nikolya Sarkozi məğlubiyyətə uğrayıb. O, seçicilərin 26.10, rəqibi – sosialistlərin namizədi Fransua Holland isə 28 faizinin səsini toplayıb. Ifrat sağ təbəqəni təmsil edən Milli Cəbhə Partiyasının təmsilçisi Marin Le Pen seçicilərin 18.50 faizinin dəstəyini qazanıb. Solçuların namizədi Jan-Lük Melanşon 11.70 faiz səslə 4-cü yeri tutub. 2007-ci il seçkilərinin ilk turunda 3-cü yeri tutmuş mərkəzçi Fransua Bayru isə cəmi 8.8 faiz səs toplaya bilib. Digər 5 namizəd 3 faizlik baryeri keçə bilməyib.
Ilk turun nəticələri məlum olduqdan sonra Sol Cəbhənin namizədləri Jan-Lük Melanşon və 2.3 səs qazanan Yeva Coli ikinci turda öz seçicilərini Fransua Hollanda səs verməyə çağırıb. Milli Cəbhə Partiyasının sədri, sağçı Marin Le Pen isə tərəfdarlarını Nikolya Sarkoziyə səs verməyə çağırmağa tələsmir. Le Pen öz mövqeyini mayın 1-də açıqlayacağını söyləyib. Mərkəzçi Fransua Bayrunun isə öz səsini kimə verəcəyi hələlik məlum deyil. Bir çox ekspertlər 6 mayda keçiriləcək ikinci turda sosialist Fransua Hollandın 54, Nikolya Sarkozinin isə 46 faiz səs toplayacağını düşünür. Xatırladaq ki, Fransada keçirilmiş prezident seçkiləri tarixində hazırkı ölkə başçısının ilk turda məğlub olması halına ilk dəfə rast gəlinir. Mayın 6-da baş tutacaq ikinci turda Fransua Hollandla Nikolya Sarkozi mübarizə aparacaq. Ikinci turun nəticələri ilk turda digər namizədlərin topladığı səslərin necə bölünməsilə müəyyənləşəcək.