Boris Berezovski onu dövlət çevrilişində günahlandırdı
Hazırda Böyük Britaniyada mühacir həyatı yaşayan rusiyalı milyarder Boris Berezovski üçüncü dəfə Rusiyanın prezidenti postunu tutmağa hazırlaşan Vladimir Putinin ünvanına yenə də sərt ifadələr səsləndirib. Mühacir oliqarx bloqunda yazdığı məqaləsində bildirib ki, Putin mayın 7-də and içməklə növbəti dəfə cinayət törətmiş olacaq. Milyarder, Putini hakimiyyəti zorla ələ keçirməkdə günahlandırıb.
“Putin də bütün diktatorlar kimi, məğlubiyyətə məhkumdur. Liviyada Qəzzafi rejimi devrildi və diktator xalq tərəfindən cəzalandırıldı. Mən inanıram ki, rus xalqı da liviyalıların etdiyini təkrarlaya bilər. Xalqımız tiranı devirmək gücünə sahibdir”, – deyə Berezovski yazıb.
Oliqarx məqaləsinin sonunda Rusiya Baş Prokurorluğuna müraciət ünvanlayaraq, Putin barəsində hakimiyyəti zorla ələ keçirmə maddəsilə cinayət işi başlanmasını və onun “dövləti cinayətkar” elan olunmasını istəyib. Berezovski həmçinin bir vətəndaş kimi, Putinin Rusiyaya vurduğu ziyanın araşdırılmasını da tələb edib.