olen-prorektor

Prorektorun qətli ilə bağlı şok faktlar

olen-prorektor“Təfəkkür”ün prorektoru Tariyel Əhmədovun ölümündə böyük dələduzluq izi

İstintaqa bəlli olan faktlar “Azadlıq”da

Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı başlanmış cinayət işinin istintaqı zamanı şok faktlar ortaya çıxıb. Bu barədə məlumatlar “Azadlıq”a hüquq-mühafizə orqanlarındakı mənbələrdən daxil olub. Məlumatları oxucuların diqqətinə çatdırmazdan əvvəl yada salaq ki, Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da qətlə yetirilib. Həmin gün səhər saatlarında Tariyel Əhmədovun meyiti Şərifzadə küçəsi 8 ünvanındakı yaşadığı binanın qarşısındakı idman meydançasında tapılıb. Məlum olub ki, Tariyel Əhmədov başından aldığı zərbə nəticəsində öldürülüb. Qətllə bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Tariyel Əhmədov 1942-ci ildə anadan olub. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin təsisçilərindən biridir.
Universitet yaranandan orada elmi işlər üzrə prorektor vəzifəsində çalışıb.
Indisə oxucuları əldə etdiyimiz məlumatlarla tanış edək. Həmin məlumatlarda bildirilir ki, Tariyel Əhmədovun qətlilə bağlı aparılan araşdırmalar zamanı mərhumun evindən onunla “Yüksəliş-C” MTK-nın sədri Cahangir Alıhov arasında bağlanmış müqavilə tapılıb (müqavilənin surəti redaksiyamıza təqdim edilib). Həmin müqavilədə göstərilir ki, Tariyel Əhmədov adıçəkilən MTK-ya məxsus binadan 200 kvadrat metrlik sahə alıb. Sənəddə həmin sahə market kimi qeyd edilib. Tariyel Əhmədov bu marketə görə MTK-ya 368 min 600 manat pul ödəyib. Istintaq bu məsələni araşdırarkən ortaya şok fakt çıxıb. Bəlli olub ki, 2008-ci ilin noyabrın 20-də Tariyel Əhmədovla müqavilə bağlayan Cahagir Alışov bir gün əvvəl “Yüksəliş-C” MTK-dakı payını Süleyman Tağıyev adlı şəxsə satıb. Bununla əlaqədar kooperativin hüquqi sənədlərini, möhür və ştampını Xaləddin Bağışov adlı şəxsə təhvil verib. Tərəflər arasında təhvil-təslim aktı imzalanıb (aktın surəti redaksiyamıza təqdim edilib). Biz bu olayın Tariyel Əhmədovun qətlinə nə dərəcədə aid olduğunu deyə bilmərik. Lakin məlumatlarda bildirilir ki, istintaq hazırda bu məsələ ətrafında ciddi araşdırma aparır. Maraqlı məqamlardan biri də budur ki, Xaləddin Bağışov Respublika Prokurorluğuna müraciət ünvanlayıb. Həmin müraciətdən bəlli olur ki, Cahangir Alışov Tariyel Əhmədovdan başqa daha 24 nəfərlə oxşar müqavilələr bağlayıb. Onlara müxtəlif qiymətlərə mənzillər satıb. Xaləddin Bağışov bütün bunlardan həmin şəxslər MTK-dan mənzillərini tələb etdikdə xəbərdar olub. Və həmin şəxslərin siyahısını tuturaq Respublika Prokurorluğuna ünvanlayıb.
Mövzunu davam etdirəcəyik.
Yazıda adı hallanan şəxslərin də mövqelərini dərc etməyə hazırıq.

Informasiya şöbəsi