Mitinq günü “özəl” televiziyalar Əliyev ordusunu göstərir, bu ordunun “müasir” dünyanın ən güclü ordularından biri olduğunu dönə-dönə deyir, vurğulayırdı. Yalnız satqınlar, yalnız dönüklər ölkəsinin güclü ordusu olmasını istəməz. Uşaqdan böyüyə, qadından kişiyə – hamı istəyər ölkəsinin güclü ordusu olsun. Güclü ordu güvənli yurddaş deməkdir. Biz güvənliyikmi? Yox. Güvənli olsaydıq, torpaqlarımızın yüzdə iyirmisi, bu ölkənin Şuşa adında uca gözəlliyi erməni tapdağında olmazdı.
Əliyevçi yalan statistikasına görə, müxalifətin mitinqinə 1200 adam gəlmişdi. Bütün ölkə boyu administrativ resursları, gizli-açıq polis güclərini işə salmaqla mitinqə gedilməsinə çoxsaylı əngəllər yaratmağa çalışan rejim bütün bunlar azmış kimi özünün başlıca ANTIMILLI, ANTIDEMOKRATIK yaraqlarından olan televiziyaları da xalqla savaşa qaldırmışdı. Elə bil ordu günüydü, teleekran parad şousuna bürünmüşdü. I.Əliyev danışırdı: bizim ordumuz dünyanın ən güclü ordularındandır, biz istənilən vaxt torpaqlarımızı azad edə bilərik. Ancaq hələlik danışıqlar yoluna üstünlük veririk. Danışıqlar yolu ilə torpaqlarımız qayıtmasa, güc yoluna əl atmalı olacağıq – bu bizim hüququmuzdur…
“Hələlik” deyilən 19 ildir. 19 ildir ata-oğul Əliyevlər bu xalqı aldada-aldada öz işlərini görür, hakimiyyət illərini uzada-uzada ölkəni soyub-yağmalayırlar. Qəzzafi öldürüləndən sonra 200 milyard dollar pulu tapıldı. Bunlar yalançı mahnı, idman yarışmaları ilə xalqın başını qatmaqla arxada Qəzzafilərlə daha çox milyardlara yiyələnmək yarışmasında bulunurlar. Görünür, mitinqlərin doğurduğu qorxudan I.Əliyev yenə rüşvətlə, korrupsiya ilə “mübarizə” şousu sərgiləməyə başlayıb. Rüşvətxor-korrupsioner komandasını yığıb… danışır. Ağdam qaçqınlarının I.Əliyevə Bərdədən göndərdikləri məktubda deyilir: “on il atanız bizi aldatdı, doqquz ildən bəri də siz aldadırsız”. Ağdamlıların da ata-oğul Əliyevlərə inamı itibsə, demək, bu rejim gedər oldu! Bu yerdə Ilham Əliyevin TELEVIZIYA ORDUSU elə televiziyalıqdır, başqa nəyəsə yaramaz.
Televiziyalarda yalnız YAĞLI verilişləri izləyən I.Əliyev demişdi: “Mən özəl kanalların siyasətinə qarışmaq fikrində deyiləm. Ancaq məsləhət verə bilərəm ki, insan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etsinlər”. Birincisi, keçmiş televiziya işçisi olaraq bildirirəm: Azərbaycanda bir dənə də olsun özəl televiziya yoxdur. Ölkədəki bütün televiziyaların bir ali baş komandanı var: Ilham Əliyev! Bütün televiziyaların baş proqramçısı – siyasi komutanlığı başında I.Əliyevin durduğu Prezident Administrasiyasıdır. Televiziyalara qoyulan bütün başçılar PA-nın KÖYNƏYINDƏN keçir. Bütün televiziyaların proqram siyasəti PA-nın proqram siyasəti deməkdir. Bu siyasət isə bütünlüklə xalqı kütləşdirməyə, kütləşdirib-sürüləşdirməyə yönəlib.
Televiziyaların YAĞLI mətbəxi xalqın yağlı yaşayışı demək deyil, PA-nın YAĞLI YALAN siyasətləridir. Görəsən, YAĞLI mətbəx verilişlərinə baxan ölkə başçısı nəyə görə televiziyalarda bir doğru-düzgün informasiya proqramı, bir analitik veriliş axtarmır? Axtarmaz! Axı, işin başında özü durduğundan yaxşı bilir: kimsə, hansı televiziyasa PA-nın telereseptindən qırağa çıxa bilməz! Bizdə bütün televiziyalar ali baş komandan televiziyalarıdır: marş irəli, marş irəli, Azərbaycan əsgəri! Televiziyaların iki ən başarılı taqım komandiri – Etibar Hüseynovla Sahib Alıyev – müxalifətlə bağlı ən YAĞLI YEMƏK ustaları olaraq MƏTBƏX televiziyalarından MƏTBƏX parlamentinə keçiriliblər. Onlara orda “insan orqanizmi üçün sağlam reseptləri daha çox tətbiq etmək məsləhəti” verilib.
Özəl kanallar kimi oliqarxların da siyasətinə qarışmaq olmaz, yalnız “məsləhət” vermək olar: bəlkə, insan orqanizmi üçün qorxulu olan ərzaqların ölkəyə gətirməyini bir az azaldasız.

Mitinq günü: ordu günü – güc günü
•