Əliyevi ittiham edən qadının evini sökdülər

«Söküntünün birbaşa Prezident Aparatından verilən sifarişlə aparıldığını bilirəm»

Dünən səhər saatlarında paytaxtın Mirzağa Əliyev küçəsindəki 211 saylı evdə yaşayan ailə Hacıbala Abutalıbovun nümayəndəsi Zülfəli Ismayılov başda olmaqla, Bakı şəhər Icra Hakimiyyətinin işçiləri və Nəsimi Rayon Polis Idarəsi əməkdaşlarının hücumuna məruz qalıb.
Ev sahibinin əlində məhkəmə qərardadı olmasına baxmayaraq, Abutalıbovun işçiləri ailənin mənzilindən çıxmasını tələb edirdi. Ailə başçısı Əlirza Muxtar və onun yaxınları isə təbii ki, evindən çıxmaq istəmirdi. Belə olan halda, ərazidəki çoxsaylı polislər olaya müdaxilə edərək, ailəni zorla mənzilindən çıxarmağa başladı. Yeri gəlmişkən, polislər orada jurnalistlərin fəaliyyətinə də mane olmağa çalışır, onlara çəkiliş aparmağa imkan vermirdi.
Əlirza Muxtar bəstəkar kimi, ölkədə tanınmasa da, dünyanın məşhur musiqiçiləri arasında sayılıb-seçilənlərdəndir. O, 2005-ci ildə parlament, 2009-cu ildə isə bələdiyyə seçkilərində namizədliyini irəli sürüb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan Əlirza Muxtar siyasi aktivliyilə də seçilir.
“Evin dəyəri bir yana, onun sökülməsi üçün mənə edilən təzyiqin kompensasiyası qat-qat artıqdır. Oğlum Süleymanın psixoloji gərginliyə məruz qalması, ailəmə qarşı zorakılıqların cavabını beynəlxalq məhkəmədə verməyə məcbur olacaqlar”, – deyə Əlirza Muxtar bildirib.
Əlirza müəllimin anası Şirinbacı Rzayeva uşaq bağçasında tərbiyəçidir. Şirinbacı müəllimə də AXCP Qadınlar Şurasının üzvüdür. O, evlərinin məhz bu gün sökülməsini təsadüf saymır: “Ictimai Palatanın 22 aprel mitinqində insanların mülkiyyət hüququnun tapdanması, o cümlədən bizim evimizin sökülməsinə görə ölkə başçısını və ətrafındakı məmurları ittiham etdiyim üçün dözməyib evimizi sökməyə gəliblər. Qonşuların evi söküləndə 102 xidmətinə zəng vurandan sonra polis gəlirdi, amma bizim evimizi sökməyə polislər özləri gəlib. Söküntünün birbaşa Prezident Aparatından verilən sifarişlə aparıldığını bilirəm”.
Əlirza Muxtarın sözlərinə görə, Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin təşkil etdiyi 17 aprel mitinqinə hazırlıq işlərində fəal iştirakına görə həmin gün gecə saat 3-də buldozerlə qonşu binanın divarını evlərinin damından içəri tökməklə, onların evinin bir otağını darmadağın ediblər. Həmin vaxt xoşbəxtlikdən o otaqda yatan qardaşının ailəsi xəsarət almadan canını qurtara bilib…

Islam Şıxəli