Hələ də anlamadınız?

Bazar günü keçirilən aksiya barədə hökumətin açıqlamasını oxudum. 1200 adam iştirak edib, deyirlər.
Qırmızı yalan! Ancaq dəhşət bu yalanı quraşdırmaqda deyil, onu utanmadan insanlara açıqlamaqdadır.
Deyəsən, bunların başı doğrudan da, XV-XVI əsr meyarlarıyla işləyir.
O statistikanı hazırlayan, hörmətli insanlar!
Nəzərinizə çatdırıram ki, artıq XXI əsrdir. Özü də XXI əsrin ilk illəri yox, 2012-ci ildir. 2005-ci ildə bu yalançı statistika ilə dağda qoyun otaran çobanları bəlkə də tövlaya bilirdiniz, amma unutmusunuz ki, o vaxtdan bəri dünyanın çöhrəsi çox dəyişib.
Internetin sehrli qüvvəsini görməzdən gəlirsiniz. Anlaya bilmirsiniz ki, “youtube” deyilən sayt var və ora baxmaqla insanlar sizin yalanlarınıza gülürlər, hiddətlənirlər.
Mitinqə Azərbaycanın ən müxtəlif yerlərindən gələn insanların cibində azı bir mobil telefon olur. O telefonlar video çəkə bilir. Yoxsa, bu da ağlınıza gəlmir?
O telefonlarda “blutuz” deyilən texniki element var, onun vasitəsilə heç bir çətinlik olmadan ən uca dağların həndəvərində yaşayan insanların da telefonuna mitinq görüntüləri köçürülə bilər. Başa düşdünüzmü?
Yox, sadaladıqlarımı bilə-bilə belə edirsinizsə, özünüz rüsvay olursunuz. Zatən müxalifət say davası aparmır.
Ən maraqlısı odur ki, müxalifəti tərəfdar tapmamaqda ittiham edən YAP 600 min üzvü olduğunu deyir, amma Heydər Əliyevin məzarı istisna olmaqla, heç yerdə min nəfərlik kütləvi toplantı edə bilmir. O məzarbaşına da insanları necə aparırlar, hamımız bilirik.
1200 rəqəminə gəlincə… Yaxşı, etiraf edirsiniz ki, bu qədər etirazçı var. Onlar özü də “bir atımlıq barıtı” olanlar deyil. Artıq elan olunub ki, aksiyalar davamlı olacaq və göründüyü kimi, bütün əngəllərə baxmayaraq, etirazçıların sayı hər dəfə artır. “1200 nəfərlik” aksiyalar o qədər təsirlidir ki, siz (hökumət) onun “Eurovision” kimi mötəbər yarışmanı da pozacağından əndişələnirsiniz. O zaman sual yaranır: Niyə bu insanların sayını müzakirəyə çıxarırsınız? Bəs onların nədən narahat olduğu, hansı səbəbdən sizə qarşı yumruq sıxması önəmli deyilmi?
Məsələn, mən mitinqdə danışığında və eşitməsində problem olan pırıl-pırıl gəncləri gördüm. Onların şüarları vardı: “Ev yox, evlənmək yox!”, “35 manatla necə yaşayaq?”
Bu şüarlar yalanı ifadə edir?
Ölkədə tam sağlam adamlar evlənə, dolana bilmir. Əlillərin nə çəkdiyini düşünəndə adam lap dəli olur. Belə bir problem var ölkədə, onu həll etməyə çalışın və ya bu tələbə cavab verin. Yoxsa, rəqəmlərin üzərində spekulyasiya etməklə demoqogiyaya dalmayın.
Mən meydanda mülkiyyət hüququ tapdanan insanları, övladları orduda nahaqdan ölən anaları-ataları, iş tapa bilməyənləri, dövlət orqanlarının zəlil qoyduğu insanları gördüm. Onları dinləmək lazımdır.
Bir gün onlar da sizi dinləmək istəməyəcək.
Fuad Qəhrəmanlı çıxışında yaxşı bir fikir səsləndirdi: “Azərbaycan hakimiyyəti bura yığışan insanları, onların problemini görməməzliyə vurur. Bununla da əslində, ölkənin hər tərəfinin meydana çevrilməsini şərtləndirir”.
Həqiqətən belədir, Marksın təbirincə desək, Azərbaycan hökuməti öz qəbrini qazanları yetişdirir, səfərbər edir. Yoxsa, mitinqlərin yüksələn vaxtında insanların evini uçurmaq, jurnalisti əzişdirmək, günahsız insanları həbsə atmağın başqa nə adı var?
Paradoksal görünsə də, heydərizm yaranandan üzü bəri bəlkə də ilk dəfədir ki, onun dağıdıcılığı ümumxalq maraqlarına xidmət edir. Bu dağıdılan kasıb daxmaları həm də səltənətdən düşən kərpiclərdir.
Tikinti-quruculuq işlərində hamımıza uğur arzulayıram!