Elnur Seyidovun həbsi ATƏT-də müzakirə olunub

Fəxrəddin Mehdiyev: «Yerli və xarici həkim rəylərinin nəzərə alınmaması Əli Kərimliyə qarşı qərəzdən xəbər verir»

“Elnur Seyidov dağınıq skleroz xəstəliyindən əziyyət çəkir. Milli Məclis 7 mart 2012-ci ildə ”Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanun qəbul edib. Qanunda göstərilir ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkən şəxslər dövlət qayğısına möhtacdır. Hətta belə xəstələr hansısa qanun pozuntusunda günahkar sayılarlarsa da, məhkəmə onları azadlıqdan məhrumetmə deyil, başqa cəzaya məhkum etməlidir.
 Qanunda belə yazılsa da, Elnur Seyidovu təcridxanada saxlayırlar”. Bunu, AXCP sədri Əli Kərimlinin qaynı, “Texnikabank”ın Yasamal filialının müdir müavini Elnur Seyidovun vəkili Fəxrəddin Mehdiyev deyir. Onun sözlərinə görə, bu, ağır sinir xəstəliyidir və belə xəstələrin təcridxana şəraitində saxlanılması qəfil ölümlə nəticələnə bilər: “Belə xəstələr daimi müalicə və tibbi nəzarət altında olmalıdılar. Qanuna görə, belə xəstələrə dövlət tərəfindən xüsusi qayğı göstərilməlidir. Həmçinin qanun bu xəstəlikdən əziyyət çəkən şəxslərin həbsdə, təcridxana şəraitində saxlanılması yolverilməzdir. Cinayət Prosessual Məcəllənin 157.8 maddəsinə əsasən təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar həbsdə saxlanılmasının qeyri-mümkünlüyü barədə rəy olduqda müstəntiq həbs-qətimkan tədbirinin tətbiqinə xitam verir”.
Vəkilin sözlərinə görə, əllərində həm yerli, həm də xarici həkimlərin E.Seyidovla bağlı verdiyi rəylər var: “Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Bərpa Institutu rəyində göstərib ki, xəstədə iflic, özünə qulluq edə bilməmə kimi əlamətlər var. Türkiyəli həkimlər Salih Güran, Özdil Başkan, Qəzənfər Əkinçinin verdiyi rəydə isə bildirilir ki, Elnur Seyidovda döyənəkdə çoxlu sayda millimetrik zədələnmələr, sol lateral ventrikulyar korpus kəsiyinin arxasında parietal payın ağ cövhərində zədələnmə var. Üstəlik, Milli Təhlükəsizlik Nazirliyinin həkimi də təsdiq edir ki, Elnur Seyidovun vəziyyəti ağırdır və təcridxana şəraitində müalicəsi mümkün deyil. Bu rəyləri və məlum qanunun mətnini istintaqa da təqdim etmişik, amma heç bir nəticəsi yoxdur. Onu həbsdə saxlamalarının bir adı var, o da qərəz. Məlum məsələdir ki, bu qərəz Elnurun AXCP sədri Əli Kərimlinin qohumu olması ilə bağlıdır. Siyasi sifarişə görə bütün qanunları pozaraq Elnur Seyidovu həbsdə saxlayırlar”.
E.Seyidovun həbsi Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin direktoru Pərviz Həşimlinin ATƏT-in Bakı ofisində keçirilən görüşü zamanı da müzakirə olunub. P.Həşimlinin sözlərinə görə, o, qurumun Demokratikləşmə Şöbəsinin rəhbəri Nikolas Deç və Qanunun Aliliyi Şöbəsinin nümayəndəsi Nataşa Rasicə Əli Kərimlinin qohumunun qanunsuz həbsi barədə geniş məlumat verib. E.Seyidovun ağır xəstəlikdən əziyyət çəkdiyini deyən hüquq müdafiəçisi Milli Məclisin dağınıq skleroz xəstələrinin həbsxanada qalmasını qadağan edən qanununu da xatırladıb. O, həmçinin, bu həbsin siyasi motivli olduğunu bildirib.
Xatırladaq ki, Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları saxlayıb. O, nazirliyin təcridxanasında saxlanır, Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunur.

Gültəkin