Ötən həftə Avropa Parlamentinin Strasburqdakı sessiyasında Azərbaycanla bağlı qətnamə qəbul edilib. Elə bir qətnamə ki, bütün ölkənin diqqətini özünə toplamalı idi. Adətən Avropa qurumlarında qəbul edilən qətnamələr Azərbaycan hakimiyyətinin tənqidi ilə bağlı olur – haqlı olaraq. Lakin qoçaq və şanlı hakimiyyətimizin əməlləri hesabına bu cür sənədlərə vərdiş etmişik və həqiqət yükünə baxmayaraq belə sənədlər cəmiyyətimizdə indi qətiyyən rezonans doğurmur. Ona görə ki, həmin sənədlər ölkədə vəziyyəti dəyişmir, onlardakı tənqidin ümumiliyi və zəif məzmunu bir yana qalsın, elə hökumətimiz də onları vecinə almır.
Həmişə də standart cavabları var. Həmişə də deyirlər ki, avropalılar elə ədalətlidirlərsə, doğrudan da Azərbaycanı istəyirlərsə, qoy onda bizim torpaqların işğal olunması barədə də bir sənəd qəbul etsinlər. Zahid Oruc və Gülər Əhmədovadan tutmuş Əli Əhmədov və Ramiz Mehdiyevəcən hamısı məhz bu dəlillə həmin sənədlərdəki tənqidlərə və tələblərə cavab verirlər. Hətta Ilham Əliyev daim şikayətlənir ki, dünya birliyi Azərbaycan torpaqlarının işğalı ilə bağlı susur. Dünya birliyi deyəndə Afrika Birliyi, Asiya, Hindistan, Çin nəzərdə tutulmur, elə Rusiya da. Təbii ki, dünya birliyi deyiləndə öncə Azərbaycandakı ictimai durumu pisləyən Qərb dünyası, o cümlədən Avropa nəzərdə tutulur.
Azərbaycanda bu hiyləni anlayanlar var, bu reaksiyaların nəyə xidmət etdiyini asanlıqla başa düşənlər az deyil. Amma sadə azərbaycanlı bütün hallarda düşünə bilər ki, axı bu Avropa niyə ədalətli deyil, niyə bir məsələdə həqiqəti deyir, digərində yox. Niyə Avropa Qarabağ problemində belə ədalətsizlik edir? Niyə ermənilərin tərəfini tutur?
Aydındır ki, hakimiyyətimiz Avropanın demokratiya və insan haqları ilə bağlı tələblərini, çağırışlarını gözdən salmaq və zərərsizləşdirmək üçün, həmçinin özünün çirkli əl-üzünü yumaq naminə onu ermənipərəst çıxarmaq istəyir, amma bütün hallarda istənilən azərbaycanlı bunun həqiqət olub-olmadığını bilməli və gerçəyə inanmalıdır. Bütün hallarda Avropanın ədalətli olduğuna onun inamı olmalıdır.
Budur, elə bir qətnamə qəbul edilib ki, bütün suallara cavab tapılıb və üstəlik, bir çox mürəkkəb problemlərin həllinə də işıq salır. Hətta Qarabağ münaqişəsini həll etməyin yolu da bu qətnamədən aydınca görünür.
YAP-çılar niyə əl çalmır görəsən? Qətnamədə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və Azərbaycanın nəzarətinə qaytarılması aydın şəkildə vurğulanır. Ilk dəfədir ki, Avropa Parlamenti Ermənistanın Dağlıq Qarabağ ətrafındakı rayonları işğaldan azad etməsini, həm hərbi, həm də fiziki kontingenti çıxarmasını Assosiasiya sazişi üçün şərt olaraq ortaya qoyur. Ermənistan və Avropa Birliyi münasibətləri ilə bağlı qətnamədə deyilir: Üçüncü ölkənin ərazisinin işğalı beynəlxalq hüququn pozulmasıdır və Avropa qonşuluq siyasətinin əsas prinsiplərinə ziddir və bununla da bütün Şərq Tərəfdaşlığı layihəsini təhlükə altına qoyur.
YAP-çılar niyə bu fikirləri alqışlamır bəs? Avropa Parlamentinin qətnaməsində Ermənistanla bağlı deyilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərlərinin qanunsuz fəaliyyəti sarıdan ciddi narahatlıq var. Bu fəaliyyətə xüsusilə müntəzəm hərbi manevrlər, hərbi avadanlığın və heyətin dəyişdirilməsi aiddir. Ermənistana çağırış edilir ki, Dağlıq Qarabağda xidmət keçmək üçün əsgər göndərməyi dayandırsın. Sənəddə həmçinin belə bir zərurət vurğulanır ki, Dağlıq Qarabağın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşmasını artırmaq üçün Ermənistan hakimiyyətinin siyasətinə dair xəbərlər araşdırılmalıdır.
Bəli, Avropa Parlamenti həqiqətin yanında olduğunu bu qətnamə ilə sübut etdi. Amma Azərbaycan hakimiyyəti bu haqda susur. Bu haqda danışmaq belə, istəmir. Halbuki məntiqlə bu sənəd ölkəmizin gündəmini tutmalı idi.
Bu sənəddə Azərbaycanla bağlı başqa məqamlar da var. O məqamlar isə həm də Qarabağ probleminin həlli yollarını göstərir və əslində, üstünü açdığı həqiqətlərlə bizim cəmiyyəti şoka salmalıdır. Bu haqda növbəti yazıda…

Avropa Parlamentində Azərbaycanı şoka salacaq sənəd
•