Cəmi bir-iki ildən sonra, rejimin hakimiyyətdə qalacağı təqdirdə, kriminal verilişlərdə bu tip xəbərlərə adət edəcəyik, – “müdirin kabinetinə baxış keçirilən zaman seyfdən çox sayda attestat götürülərək müsadirə edilmişdir”, – TQDK işçisi attestat satarkən yaxalandı”, “TQDK sədri və təhsil naziri son aylardakı həbslərdən danışdılar” və s.
YAP iqtidarı, hazırda “mərkəzləşdirilmiş rüşvət sistemin”ə keçid mərhələsini başa çatdırmaq üzrədir. Sovet sisteminin imkan verdiyi sadə rüşvət mexanizminin Avropada istifadə olunan inzibati texnologiyaları ilə “uzlaşdırmaq” cəhdi heyrətamiz naşılıqlarla (!) müşayiət olunur.
…Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin timsalında ölkədə bir faciə(!) yaşanmaqdadır, həbs olunmuş işçilərinin sayına görə hələlik heç bir dövlət qurumu onlarla “rəqabət” apara bilmir. Mən hələlik deyirəm, çünki, yuxarıda qeyd etdiyim kimi, TQDK-nın “sürpriz” yapacağı şəksizdir.
Pensiya və sosial müavinətlərin kartla ödəniş sisteminə keçildiyi vaxtdan qurum işçiləri kriminal verilişlərinin vazkeçilməz simalarına çevriliblər. Maraqlı məqam isə, “ölü” pensiya və sosial yardım kartlarının kabinetdəki seyflərdən (!) müsadirə olunmasıdır. Arvaddan və ən başlıcası, rəisdən gizli “iş” görənlər Qərb dəyərlərinin “güdazına” gedirlər.
Məcburi təhsil, yoxsa məcburi ianə?
Qısa fasilələrlə (1988-90, 92-93), təxminən 40 ildən çoxdur ki, rüşvətin hakim olduğu bir cəmiyyətdə yaşayırıq.
Son on beş ildə isə, rüşvətin qəhrəmanlıq sayıldığı, 70-80-ci illərin sovet Azərbaycanına “şükür” etməkdəyik. Ən azı ona görə ki, orta məktəbdə rüşvət yox dərəcəsində idi. Hazırda bu kataklizmi yaşayırıq və on illərlə bərpa edə bilməyəcəyimiz dəyərlərin məhvini “sakitcə” seyr etməkdəyik.
Azərbaycanda orta təhsilin bugünkü vəziyyəti, yumşaq şəkildə desək, faciədir(!). Bu yaxınlarda təhsil naziri bəyan etdi ki, “20 min saxta diplomlu(?) ”pedaqoq”la çalışırıq”. Bir neçə həftəlik təftiş zamanı bu qədər saxta diplom çıxandan sonra yoxlamalar durduruldu.
…Orta məktəbə adi müəllim düzəlmək, regiona görə, 1000-10ÿ000 manata görə dəyişir. Direktor olmağın qiyməti isə, ucqar və mərkəz prinsiplərinə (!) görə, 5000-50ÿ000 manata qədər dəyişir. Və heç bir kriteriya, təyin olunacaq kadrların mənəvi və kamillik baxımından layiqliyi gözlənilmədən bu məbləği ödəyən direktor olur.
Qaradağdakı mazoxist – uşaqbaz direktor müavininin həbsi yalnız aysberqin görünən tərəfidir. Xanımları və yuxarı sinifdə oxuyan qızları olan ailə başçıları daha çox qadın direktoru olan(!) məktəbləri tərcih edirlər. Altı ay bundan əvvəl poçtuma gələn biabırçı bir faktı əlaqədar quruma göndərdim və nəticədə direktorun intim yaxınlığa məcbur etdiyi müəlliməyə töhmət verildi(!), daha sonra isə onu işdən qovdular.
Fond pulu, təmir pulu, lövhə pulu, 8 mart, müəllimlərin və direktorun ad günü, gül bayramı, fəlakətdən və zəlzələdən əziyyət çəkən xarici ölkə uşaqlarına yardım(!) pulu, süpürgə və döşəmə taxtası pulu və s. yığımlara 11 il ərzində valideyn orta hesabla 5 min manatdan çox pul xərcləyir.
Heç kimə sirr deyil ki, təhsilimizin bütün yükünü repetitorlar və məktəbdən kənar kurslar çəkir. Şagirdlər orta məktəbə yalnız attestat almaq üçün(!) gedirlər. Son bir neçə ildə bu prosedur elə çətinləşdirilib ki, hətta, sınaq imtahanında 650 bal toplayan sumqayıtlı şagird belə attestat “ala” bilmir, ali məktəbdə oxumaq əvəzinə, şadlıq evində ofisiant işləyir…
Attestata qədər 5 min manatdan çox pul xərcləyən valideyn niyə attestatı “havayı”, özü də pərakəndə şəkildə almalıdır? Başbilənlər bu suala da, cavab tapdılar – “uşaqlığın son gecəsi” TQDK-ya tapşırıldı.
Bu o deməkdir ki, valideyn fond “kapriz”lərinə ikiqat pul ödəməli, attestat üçün isə başqa bir qurumla “mücadilə” aparmalı olacaq.
Hədəf valideynlərin cibidir, çünki müəllimlər 11 il “mehriban” olduğu valideynlərlə “açıq” danışmağa utanırdı.
Bazarınız yarımçıq qalsın!

Attestat verilmir, alınır
•