Ötən əsrin 80-ci illərinin sonlarından başladıq neft gəlirlərini saymağa. Bu günə qədər sayırıq. Bəli, hökumət xərcləyir, biz isə sayırıq. Hətta ona da fikir vermirik ki, artıq neft gəlirlərinin pik dövrü də keçmək üzrədir, iqtisadçı dostlarımızın bəzisi bunu deyir. Bilmirəm, böyüklərdən kim deyib, amma bu haqda demək mümkün olan ən yaxşı fikri deyib: kaş ki, neft olmayaydı, onda mənim millətim daha xoşbəxt olardı!. Mənə elə gəlir ki, bu fikirdə ən azı yüz ilin ağrısı var. O vaxt, həmin o 80-ci illərdə biz bir çox amilləri nəzərə almır, bir qədər eyforiyaya qapılırdıq. Bəli, ortada böyük sərvət vardı. Amma onun ədalətli məsrəfi üçün normal siyasi sistem olmalı idi. O vaxt heç ağlımıza da gəlmirdi ki, belə sistem olmaya bilər. Niyə? Ona görə ki, özümüzə inamımız o qədər güclü idi ki, hansısa hakimiyyətin bizim qarşımızda duruş gətirəcək gücündə ola biləcəyinə inana bilmirdik, sovet hökumətindən qorxmurduq, o ki qala, hansısa yerli hakimiyyət ola! Amma zaman keçdi, sındıq, kiçildik və bir neçə il əvvəl necə kükrədiyimizi unutduq. Ağır sosial durumun dərhal bu ölkədə sosial partlayış yarada biləcəyini düşünəcək qədər sadəlövh deyilik.
Amma bu günlərdə əhalinin hiss olunacaq dərəcədə böyük hissəsini əhatə edən bir hadisə baş verir. Söhbət əmanətlərin qaytarılmasından gedir. Buna əmanət deməyə adamın dili gəlmir. Bu, daha çox xırda kompensasiyaya və saymamazlığa bənzəyir. Amma heç kim etiraz etmir! Biz qeyzlənirik ki, niyə bu insanlar neft gəlirlərinin belə acgözlüklə talan edilməsinə göz yumurlar?
Amma burada təəccüblü nəsə varmı? Bizim insanlar öz pullarını tələb etmir və bunu tələb etmək üçün cəsarəti çatmır, ondan qala ki, neft gəlirləri ola! O illərə fikriniz getməsin. Biz daha əvvəlki insanlar deyilik, əvvəldə ərz etdim ki, çox sınmışıq, çox kiçilmişik. Əgər adama desəydilər ki, bu pullar dövlətə filan iş üçün lazımdır, dövlət naminə bu pullardan keçin, yəqin çoxu həmin bu çağırışa qoşulardı, pulundan imtina edərdi. Amma onlar nə dövlətə, nə də ki, onun hansısa problemlərinə lazımdır, onlar bizim məmurlara lazımdı!
Bu yaxınlarda Norveçdən kiçik bir süjet verdilər. Həyat səviyyəsinin yüksək həddə olduğu Norveçdə intihar halları çoxdur, çünki insanları yeknəsəq və qayğısız həyat bezdirir. Bunu eşidəndə öz həyatımızın kədərli mənzərəsi bir anlığa gözümün önündə dayandı. 21-ci əsrdə də insan ev problemilə üzləşə bilər? Bunların xaricdə saldırdıqları parkların, abidələrin puluna neçə insanı evlə təmin etmək olardı! Amma bunlar nə edir? Heç bu haqda düşünmürlər də! Əgər desəydilər ki, Belarusda, yaxud Tiflisdə ev tikin, dərhal buna can-başla qoşulardılar. Lakin azərbaycanlılar bunları düşündürmür! Əfqanıstan ordusunun hesabına bir milyon avro köçürdüblər! Soruşan lazımdır ki, bizə bunun azacıq da olsa dəxli və xeyri varmı? NATO qarşısında özlərini yaxşı göstərmək üçün belə addımlar atırlar. Bilirsiniz, bəxtimiz nədə gətirməyib?
Hamının “dayısı” var, hətta Əfqanıstanın da NATO kimi “dayısı” var, amma biz sıravi azərbaycanlıların “dayısı” yoxdur. Ona görə də bunlar pulu sağa-sola səpələyirlər, amma bizə sərf etmirlər. Biz də oturub neftdən gələn gəlir və pulları hesablayırıq! Pul artıq qurtarmaq üzrədir, biz hələ də hesablayırıq və ümid edirik ki, bəlkə ondan bizə də bir şey çata! Bu da bizim arzumuzdur və elə arzumuz da neft qoxuyur…
Bizə hara daha çox yaraşır?
Hökumətin rüblük hesabatında daha bir diqqət çəkən məqam oldu. Deyiblər ki, meriya o insanlara (yəni müxalifətə) ən məqbul və ən çox yaraşan bir yer seçib. Deməli, biz təklif etdiyimiz yerləri bunlar bizə yaraşdırmır! Nə etməli? Gəlin bizə yaraşan yerə gedək!.. Amma bir məsələ də var ki, insanlar yerlərə yaraşıq gətirir, yer insanlara yox! Qoy, bu sonun başlanğıcı olsun. Bizim nə problemimiz var? Bakının hər yeri bizim üçün əzizdir. Bunlar artıq bu ölkəni özlərinə yaraşdırmırlar. Buna nə demək olar? Çox gözəl! Əfəndilər, əgər bu şəhəri, bu ölkəni, bu insanları bəyənmirsinizsə, gedin özünüzə başqa şəhər, başqa ölkə, başqa cəmiyyət tapın! Nə yapışmısınız bu millətdən?..