“Yüksək səviyyəli siyasi əlaqələrimiz var, iqtisadi əlaqələrimiz inkişaf edir”
İsrail XİN başçısı Bakıda hərbi baza iddialarını təkzib etdi
“Qarşılıqlı etimada söykənən, səmərəli münasibətlərimiz var
“İsrailin Azərbaycan ərazisində öz hərbi bazalarını yerləşdirməsi barədə xəbərlər əsassızdır”. Bakıda səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman bu sözləri APA-nın sualını cavablandırarkən deyib.
“Bu kimi xəbərlər elmi fantastika sahəsinə aiddir və həqiqətə uyğun deyil. Belə xəbərləri zəngin fantaziyaya sahib olan insanlar yazırlar”.
Xatırladaq ki, ABŞ-da nəşr olunan “Foreing Policy” jurnalı Azərbaycanın öz aerodromlarını İsrailə icarəyə verdiyi iddiasını irəli sürüb. Rəsmi Bakı bu xəbərləri ən müxtəlif səviyyələrdə təkzib edib.
Liberman Azərbaycanla İsrail arasında münasibətlərin son dərəcə yaxşı qurulduğunu qeyd edərək buldirib ki, qarşılıqlı etimada söykənən, səmərəli münasibətlərimiz var.
XİN başçısı ölkələr arasında yüksək səviyyəli siyasi əlaqələrin olduğunu, iqtisadi əlaqələrin inkişaf etdiyini deyib: “Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb. Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdim. Görüşlərdə beynəlxalq siyasətin bütün spektri, regional məsələlər, o cümlədən İranla bağlı məsələ müzakirə olundu. Azərbaycan beynəlxalq arenada özünəməxsus yerə malikdir, ölkəniz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, “Eurovision” kimi nüfuzlu müsabiqəyə ev sahibliyi edir”.
***
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüş keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə. nazirlər iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulayıblar.
Azərbaycanla İsrail arasında müqavilə-hüquq bazasının genişləndirilməsi zəruri sayılıb. İsrailli nazir Azərbaycanı BMT TŞ-da görməkdən məmnun olduqlarını və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı dərinləşdirilməyin əhəmiyyətli olduğunu bildirib. Elmar Məmmədyarov isə israilli həmkarına Dağlıq Qarabağ münaqişəsi və onun sülh yolu ilə həlli prosesi istiqamətində atılan addımlar barədə məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
***
İsrail mediasının xəbərinə görə aprelin 22-də axşam bu ölkənin Xarici İşlər naziri Aviqdor Lieberman Bakıya rəsmi səfərə gəlib. Nazir aprelin 23-də prezident İlham Əliyev və başqa rəsmi şəxslərlə görüşəcək.
France Press agentliyinin məlumatına görə Aviqdor Lieberman Azərbaycanla diplomatik əlaqələrin 20 illiyi münasibətilə çıxış edəcək, Bakıda yəhudi icması ilə görüşəcək və İsrail Mədəniyyət Mərkəzinin açılışında iştirak edəcək.
İsrailin Xarici İşlər nazirinin Bakıya rəsmi səfəri iki gün davam edəcək. Aviqdor Lieberman Bakıdan İsveçrəyə səfərə gedəcək.