MTN-in ittihamları əsassız çıxdı

Elnur Seyidovun vəkili onun ağır xəstə olması barədə ortaya arayış qoydu

MTN tərəfindən həbs edilən “Texnikabank”ın Yasamal filialının müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynı  Elnur Seyidovun vəkili Fəxrəddin Mehdiyev onun səhhətində problem olmasını təsdiq edən arayışları redaksiyamıza təqdim edib.
Xatırladaq ki, MTN-in Ictimai Əlaqələr Mərkəzinin rəisi Arif Babayev Elnur Seyidovun səhhətində problem olması barədə onun vəkillərinin söylədiklərini əsassız adlandırmışdı. Elnur Seyidovun digər vəkili Əsabəli Mustafayev isə “Azadlıq”a açıqlamasında müdafiə etdiyi şəxsin dağınıq sklerozdan əziyyət çəkdiyini vurğulamış və bu xəstəliyin ağır xəstəliklər sırasına daxil olduğunu bildirmişdi: “Məhz buna görə də bu xəstəliyə tutulmuş insanlara dövlət qayğısı barədə xüsusi hüquqi akt var. Bu, prezident fərmanıdır və biz həmin sənədi də istintaqa təqdim etmişik. Lakin təəssüf ki, MTN bu sənədlərə laqeyd yanaşır”.
Fəxrəddin Mehdiyev isə bizə Elnur Seyidovun dağınıq skleroz xəstəliyindən əziyyət çəkməsi barədə Elmi-Tədqiqat Tibbi Bərpa Institutunun arayışını təqdim edib. Həmin arayışda açıq şəkildə göstərilir ki, Elnur Seyidov dağınıq sklerozdan əziyyət çəkir. “Müayinə zamanı xəstənin yuxarı və aşağı ətraflarında hərəkətlərin ciddi məhdudluğu (iflic), hissiyat və görmə qabiliyyətinin pozğunluqları, çanaq üzvləri funksiyalarının pozğunluğu, özünə qulluq elə bilməməyi və sair kimi əlamətləri var idi. Baş beyinin maqnit-rezonans tomoqrafiya müayinəsinin nəticəsinə əsasən xəstədə dağınıq skleroz diaqnozu düşünülmüşdür”, – deyə arayışda bildirilir.