Gürcü milyarder Saakaşviliyə meydan oxudu

Bicina Ivanişvili: «Saakaşvili ölkəyə rəhbərlik edə bilmir»

Gürcüstanda ölkənin ən zəngin adamı hesab edilən Bicina Ivanişvili yeni siyasi partiyanın əsasını qoyub. “Gürcü xalqının arzusu Demokratik Gürcüstan” adlanan partiyanın oktyabr ayında keçiriləcək parlament seçkilərində iştirak edəcəyi gözlənilir. Partiyanın təsis yığıncağında çıxış edən Ivanişvili bildirib ki, prezident Mixail Saakaşvili artıq ölkəyə rəhbərlik edə bilmir. Milyarderin sözlərinə görə, onun partiyası hakimiyyətdəki bu boşluğu doldurmağa hazırlaşır.
“2003-cü il məxməri inqilabdan sonra ölkədə baş verən müsbət dəyişikliklər indi üzdə demokratiya, əslində isə, avtoritar rejimlə əvəzlənib. Ölkə əhalisinin əksəriyyəti öz gələcəyindən ümidsizdir. Partiyamız ölkəni siyasi-iqtisadi böhrandan çıxarmaq, vətəndaşlarını azadlıq və ədalətlə təmin etmək üçün məsuliyyəti öz üzərinə götürməyə hazırdır” – deyə Ivanişvili söyləyib. Müxalif milyarder onun Gürcüstan vətəndaşlığını ləğv etdiyi üçün Saakaşvilini sərt tənqid edib. O, Saakaşvilinin bu addımı onun ölkədə siyasi fəaliyyətinin qarşısını almaq məqsədilə atdığını deyib. Əlavə edək ki, Bicina Ivanişvili, ötən il Fransa vətəndaşlığı əldə etdiyi üçün Gürcüstan vətəndaşlığından çıxarılmışdı.