“Gəlirik!”

Iş elə gətirdi ki, rayonda olduğum iki aya yaxın vaxtda xeyli adamla söhbətləşəsi oldum. Bu sürənin ilk günləri Quba üsyanı ilə eyni çağa düşürdü və təbii ki, söhbətlərdə əsasən Quba hadisələri danışılırdı. Hər kəs ağızdan-ağıza eşitdiklərini deyir, özünü xeyli məlumatlı göstərməyə çalışırdı.
Ancaq sezdim ki, adamlar dəhşətli informasiya aclığı yaşayırlar. Nə baş verdiyindən, qəzet oxuyan 2-3 şəxsi çıxmaqla, çoxunun xəbəri yoxdu. Və özlərini məlumatlı göstərməyə çalışa-çalışa, əslində sualı-suala calayırdılar. “Nə baş verir?”. Və daha bir nüans – hər kəs bu üsyanı son dərəcə təbii və qanunauyğun saymaqla bunun hər yerdə niyə baş vermədiyi haqda baş sındırır, hamı ayağa qalxmayan xalqı suçlayır və bütün bunların fonunda ənənəvi olaraq özlərini yada belə, salmırdılar. Sanki hamı qorxaqmış, edilən bütün zülmlərə, sitəmlərə, haqsızlıqlara, korrupsiyaya, rüşvətə, səfalətə “yox” deməyə qalxmırmış və buna görə də bütün bu zillətlər bizə elə halalmış. Bir daha vurğulayıram: hər gileyli şəxs də, özünü yada belə, salmırdı. Sanki o, Marsdanmı, Aydanmı, nə bilim ABŞ-danmı 5-10 günlüyə Azərbaycana qonaq gəlmiş bir şəxs idi və qul kimi səsini içinə salmış millətinə acıyırdı.
Düzü, bu faktdan hansı nəticələr çıxdığını, insanlardakı bu “cürətli vətənpərvər”, eyni anda özünü qonaq hiss eləmək kompleksinin psixoloji cəhətdən necə izah edilməsi mənimçün o qədər də asan deyil, zənnimcə, tam olaraq uzmanların işidi. Bu “qonaq fərdiyyətçiliyi”nin özünü kütlə psixologiyası ilə izah etmək olarmı? Yəni daim başda hansısa başqa birinin getməsini, ondan sonra hərəkətə keçəcəyini gözləyən kütlə təfəkkürünü əsas gətirmək olarmı? Bəlkə bunun səbəbi sadəcə nizamsızlıqdı? Nizamlı olmayan istənilən “vətənpərvər donqultu və narazılıq”, beləcə “qonaq fərdiyyətçiliyi” havasında cücərmədən çürüməyə, ya da qəfildən idarə olunmayan xaosa çevrilməyə məhkumdu. Təşkilatlanma və nizamlama üçün heç bir şəraitin qalmadığı bu hal təbii ki, inkişafın ya tam qarşısını alır, ya da sürətini son dərəcə zəiflədir. Bu zəifləmədə maraqlı olan avtoritar və ya diktatura rejimləri əslində anlamırlar ki, bu nizamsızlığa şərait yaratmaqla öz qəbirlərini qazırlar, eyni səbəbdən Qubada baş vermiş yanğın bir gün bütün Azərbaycanı bürüyə bilər və o zaman kibriti birinci çəkib yoxa çıxan hansısa müəmmalı saqqallı axtarmağın heç bir mənası olmayacaq. Ondansa vaxtında etirazçı kütlələrin sivil müxalifət tərəfindən təşkilatlanmasının qarşısını nəinki almalı, əksinə buna şərait yaradılmalıdı ki, sonradan xalq olaraq başımıza döyməyək. Əlbəttə, ölkədə baş verəcək hər hansı xaosu, qarmaqarışıqlığı, qanı arzulamayan, ölkəsini Ərəb dövlətlərinin gününə düşməsini istəməyən hakimiyyətə aiddi bu keyfiyyət. Indiki Əliyev rejiminin isə umurunda deyil qan-qada. Onlar alovu törədən səbəbi axtarmaqdansa hansısa saqqallını, darbalaqlını axtarmağı üstün tuturlar. Hakimiyyətin bu yanını sadə sözlərlə belə ifadə eləmək olar: saqqallı zehniyyət…
Quba söhbətlərindən sonra eyni psixoloji yanaşmalarla ortaya ölkənin müxtəlif yerlərindən gələn pərakəndə iğtişaş və təbii ki, Ictimai Palatanın onminlik aprel mitinqi ilə bağlı xəbərlər düşdü. Bu dəfə nə qədər rəğbət və ehtiramla soruşulmasına baxmayaraq, yenə də suallar eyni şəkildəydi: “Mitinq necə keçdi?”. “Əla!”. “Bəs nə oldu?”. “Nə olmalıydı ki?”. “Ilham elə yerində oturub da… Eh!”. Təbii ki, dərin, ürəkparçalayn bir ah! “Yox e, gəlirsiz, ya gəlmirsiz?”. Inanın, üzlərində elə ifadə olur ki, “yox, məsələ bu qədər sadə deyil” desən, dünyaları yıxılacaq. Ona görə də “GƏLIRIK” deməyə məcbursan. Nə üçünsə onlara elə gəlir ki, əla dediyin mitinq elə həmin gün hakimiyyəti taxtdan salmalı və kimsə də bu xoş xəbəri gəlib hansısa ucqar kənddə camaata elan eləməlidi. 22 aprel mitinqindən sonra da eyni suallar olacaq. Hakimiyyət isə imkan vermir ki, xalqa mitinqin, sərbəst toplaşmanın demokratiyanın sadəcə bir hərfi olduğunu başa salasan. Onlar heç cür anlamır ki, mitinqə bu cür baxışı özləri formalaşdırırlar və bununla da gerçəkdən “GEDIŞ”lərinə bismillah eləyirlər…