Suriya diktatoru Dəməşqətrafı bölgələri bombalatdı; Vaşinqton «səbrimiz tükənmək üzrədir» dedi
Suriyada hakimiyyətlə müxalifət arasında atəşkəs elan olunmasına baxmayaraq, Bəşər Əsəd rejimi razılaşmaya əməl etmir. Əsəd rejimi əsgərlərinin paytaxt Dəməşqin bəzi bölgələrində əməliyyatlar keçirdiyinə dair xəbərlər yayılıb. Dəməşqin Duma bölgəsi hökumət qüvvələri tərəfindən mərmi atəşinə tutulub. Suriya Yerli Koordinasiya Komitəsinin fəalları bölgədə partlayışların artdğını, ölən və yaralananların olduğunu söyləyib.
Müxaliflərin sözlərinə görə, Duma bölgəsində səhər saatlarından başlanan əməliyyatlarda şiddətli partlayışlar meydana gəlib, partlayışlarda 4 nəfər həyatını itirib və onlarla adam yaralanıb. Partlayış səslərinin Rüknəddin, Mühacir və Qabıq məhəllələrində eşidildiyi deyilir. Həmçinin Hələb və Rəqəm şəhərlərindəki əməliyyatlarda açılan atəş nəticəsində də 4, bütün ölkə ərazisində isə 18 nəfərin həlak olduğu bildirilib.
Bu arada BMT TŞ-yə sədrlik edən ABŞ Suriya hakimiyyətinə sərt xəbərdarlıq ünvanlayıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Syuzan Rays bildirib ki, ölkəsinin Suriyadakı vəziyyətlə bağlı səbri tükənib: “Heç kim elə bilməsin ki, rəsmi Vaşinqton 90 günün sonunda bu missiyanı yeniləyəcək. Bu müddət ərzində zorakılığa son qoyulmasa, BMT heyətinin tam sərbəst şəkildə hərəkətinə imkan verilməsə və digər aspektlərdə inkişaf əldə edilməsə, belə bir qənaətə gəlmək olar ki, bu missiya artıq öz təsirini itirib. Rejim zorakılığı davam etdirərsə, biz əks tədbirlər görmək üçün 90 günün bitməsini gözləməyəcəyik. Bizim səbrimiz tükənib”.
Diplomat Bəşər Əsəd rejiminin yeni zorakılıq dalğası başlatdığını başda Homs olmaqla şəhər və qəsəbələri ağır silahlardan atəşə tutduğunu bildirib. BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan bəyan edib ki, TŞ-nin bu ölkəyə əlavə 300 müşahidəçi göndərmək qərarı vəziyyətin sabitləşdirilməsində dönüş nöqtəsidir. Annan Suriya hökumətini və müxalifət döyüşçülərini silahı yerə qoymağa və müşahidəçilərlə birlikdə 10 gün əvvəl qüvvəyə minmiş kövrək xarakterli atəşkəsin möhkəmləndirilməsi üzərində çalışmağa çağırıb.
Kofi Annan Əsəd rejimini ağır hərbi texnikadan istifadə etməmək barədə xəbərdar edib: “Hökumət, ilk növbədə, ağır silahlardan istifadə etməkdən çəkinməli və Dəməşqin söz verdiyi kimi, silah-sursat və hərbi qüvvələri yaşayış məntəqələrindən çıxarmalıdır. Bundan başqa, ölkə rəhbərliyi 6 bənddən ibarət sülh planına dair verdiyi vədlərin hamısını yerinə yetirməlidir”.
Annan planına uyğun Suriyaya ezam edilmiş müşahidəçi qrupu Homs şəhərində olub. Şəhərə səfərini tamamlayan müşahidəçilər mətbuat konfransında çıxış ediblər. Qrupun sözçüsü Nerac Sinqh bildirib ki, müşahidəçilər şəhəri tamamilə gəziblər. Müşahidəçilərin olduğu avtomobili naməlum silahlılar atəşə tutub. Xoşbəxtlikdən müşahidəçilərə zərər dəyməyib.
Informasiya şöbəsi