Anarın ittihamlarına yazıçılardan cavab

Əkrəm Əylisli: «Anarla görüşüb ikilikdə bütün bunlar barədə söhbət etmək fikrim var»

Aqil Abbas: «Anar müəllimin yazdığına yox, ona qarşı şərhlərə münasibət bildirmişəm»

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yazıçılar Əkrəm Əylisli və Aqil Abbasın ünvanına müxtəlif ittihamlar səsləndirib. “525-ci qəzet”ə müsahibəsində Əkrəm Əylisli və Aqil Abbasın onun gənc yazarlar barədə yazdığı həcvə münasibətlərinə toxunan Anar, bu şəxsləri ona qarşı çirkin atmacalara münasibət bildirməməkdə günahlandırıb.
Anar ona qarşı çıxış edən gənc yazarların vaxtilə Aqil Abbasın rəhbərlik etdiyi qəzetdə çıxış etdiklərini, Əkrəm Əylislinin isə onunla yanaşı söyüldüyünü, lakin bunları cavabsız qoyduğunu deyib. Anarın yazısında toxunduğu məsələlərə adı çəkilən yazarların da mövqeyini öyrənmək istədik.
Anarın yazdıqlarına cavab vermək istəmədiyini deyən Əkrəm Əylisli baş verənləri mənasız adlandırdı. Yaxın günlərdə Anarla görüşüb baş verənlə bağlı ətraflı, geniş söhbət etmək istədiyini deyən Əkrəm Əylisli hadisələrin bu qədər şişirdilməsinin tərəfdarı olmadığını qeyd etdi: “Ola bilsin, mən hardasa haqsızam, hardasa Anar haqsızdır. Amma hadisələrinin qızışdırılıb belə həddə çıxmağının tərəfdarı deyiləm. Çünki obyektiv bir mənzərə alınmır. Bu ayın içində Anarla görüşüb ikilikdə bütün bunlar barədə söhbət etmək fikrim var”.
Öz növbəsində Aqil Abbas Anara böyük hörmətlə yanaşdığını və ona qarşı yazılanları pis qarşıladığını dedi: “Anar müəllimə böyük hörmətim var, onu böyük yazıçı kimi qəbul edirəm. Anar müəllim mənim xeyirxahım olub. Ədəbiyyata gəlməyimdə rolu böyükdür. Anar müəllimin yazdığına yox, ona qarşı şərhlərə münasibət bildirmişəm ki, belə şərhlər azmaq ayıbdır. O şərhlərə görə pis oluram, ona qarşı atılan söz mənə pis təsir edir”.

Fizzə