Alman mediası 22 aprel mitinqindən yazdı

«Deutsche Welle»: “Azərbaycanda nümayişçilər növbədənkənar parlament seçkiləri tələb edirlər”

Müxalifətin real kəsiminin öndərlik etdiyi və ziyalıların dəstəklədiyi mitinq dünən baş tutdu. Bayıl qəsəbəsi, 20-ci Sahədə, sürücülük məktəbinin meydanında keçirilən və izdihamlılığı ilə əvvəlkindən daha çox seçilən mitinq, son zamanlar Azərbaycanda baş verən ictimai-siyasi proseslərə həssas yanaşan dünya mediasının da diqqətindən yayınmayıb. Fransanın AFP agentliyinə istinad edən Almaniyanın “Deutsche Welle” informasiya agentliyi Ictimai Palatanın mitinqini öz ebsaytında işıqlandırıb. Məqaləni olduğu kimi təqdim edirik:

“Bir neçə aydan sonra “Eurovision” mahnı müsabiqəsinin keçiriləcəyi Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzindən xeyli uzaqda yerləşən meydanda minlərlə nümayişçi hakimiyyətdən növbədənkənar parlament seçkiləri və demokratik islahatlar tələb edib. 10 minə yaxın mitinq iştirakçısı tərəfindən daha çox azadlıqların təmin olunması, siyasi məhbusların həbsxanalardan buraxılması və azad, ədalətli seçkilərin keçirilməsi üçün hakimiyyətə çağırış olub. Mitinqin təşkilatıçısı, müxalifətin koalisiyası hesab olunan Ictimai Palatanın liderləri prezident Ilham Əliyevi istefaya çağırıb. Xatırladaq ki, 2003-cü ildə Əliyev hakimiyyəti atası Heydərdən təhvil alıb, o, seçkilərin saxtalaşdırılmasında və insan haqlarının pozulmasında günahlandırılır.
Mitinq şəhər mərkəzindən kənarda yerləşən Bayıl qəsəbəsində keçirilirdi. Mayın 22-26-da “Eurovision” mahnı yarışmasının təşkil olunacağı məkan da bu qəsəbənin yaxınlığındadır. Etiraz aksiyalarının Bakının mərkəzində keçirilməsi isə qadağan olunub, buna baxmayaraq, hökumət irəli addım atmaq üçün razılaşdırılmış mitinqlərə icazə verib.
“Biz köklü dəyişikliklər, islahatlar tələb edirik, əks təqdirdə insanlar hakimiyyətdə olan rejimə qarşı çıxa bilərlər. Biz eyni zamanda növbədənkənar parlament seçkilərinin keçirilməsini və siyasi məhbusların azad olunmasını tələb edirik”, –  deyə Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib.     
Neft və qazla zəngin, əhalisi əsasən müsəlmanlardan ibarət olan bu ölkədə müxalifət partiyaları demokratik haqların və söz azadlığının yoxluğundan şikayət edirlər. Ötən ilin aprelində keçirilən etiraz aksiyaları hökumət tərəfindən zorla dağıdılıb, o vaxt həbs olunmuş bir sıra etirazçı isə hələ də həbsxanadadır. Azərbaycan ictimai rəyi bundan ibarətdir ki, “Eurovision” kimi mötəbər bir tədbir ölkə üçün yeni imkanların açılması baxımından bir vitrin rolunu oynamalıdır. 25 min tamaşaçı tutumu olan “Büllur Saray” da məhz bu tədbirin keçirilməsi üçün inşa edilib.

Rəşad Alp