Təhminə Tağızadə də təzyiqlərə məruz qaldı

«İnformasiya axını»nda ittiham olunan jurnalist ailə üzvləri ilə şantaj edilir

Gəncədə fəaliyyət göstərən müstəqil jurnalist Təhminə Tağızadəyə təzyiqlər başlayıb. Bu barədə qəzetimizə açıqlamanı jurnalist özü verib. Onun sözlərinə görə, şəhərin yeni icra başçısı Elmar Vəliyev hesab edir ki, Gəncə barəsində mediada ancaq tərifnamələr getməlidir:
“Gəncənin tarixi abidələrini söküb dağıdarkən düşünmürdülər ki, bunu insanlar görəcək və reaksiya verəcək?”. Təhminə Tağızadə onu da bildirdi ki, Icra Hakimiyyətinin nümayəndəsinin guya onun bu qurumdan incik düşməsi barədə fikirləri kökündən yanlışdır: “Mən heç kimdən incik deyiləm, çünki mən sadəcə xəbər yazmaqla işimi bitirirəm, yazılarımı da öz imzamla yazacaq cəsarətim var. Hər hansı gizlin fəaliyyət göstərməyə nə tələbatım, nə də həvəsim var. Icra hakimiyyəti də sadəcə öz işini görməlidir, onların bu cür reaksiyaları bir daha onu göstərir ki, baş verənlər qanunsuzdur və onlar ifşa olunmaqdan çəkinirlər”. Jurnalist eyni zamanda bildirdi ki, o, özünün və ailə üzvlərinin təhlükəsizliyindən narahatdır, çünki, yerli hakimiyyət Gəncədən informasiya axınına çox aqressiv yanaşır və müxtəlif yollarla ondan “susmağ”ı tələb edirlər: “Ailə üzvlərimlə şantaj elementləri hiss edirəm”.

Informasiya şöbəsi