Suriyanın məsələsi artıq həll olunub

Türkiyənin müraciəti əsasında NATO bu ölkəyə zərbə endirə bilər

Vəfa Quluzadə: «ABŞ və NATO Suriya məsələsinin çox uzatmağa imkan verməyəcək»

BMT-nin xüsusi elçisi Kofi Annanın Suriyada atəşkəsə nail olmaq planının uğursuzluğa düçar olması bu ölkəyə qarşı hərbi müdaxilə ehtimalını artırır. BMT Təhlükəsizlik Şurasında Rusiya və Çinin buna qarşı çıxması səbəbindən başqa mümkün varinatlara əl atıla bilər. Artıq ABŞ dövlət katibi Hillari Klinton bəyan edib ki, Türkiyə NATO-nun qurulmasına dair Vaşinqton müqaviləsinin 4-cü maddəsinin tətbiqi barədə rəsmi müraciət etməyə hazırlaşır.
Bu maddəyə əsasən, əgər alyans üzvlərindən birinin təhlükəsizliyinə, ərazi və siyasi bütövlüyünə təhdid yaranarsa, NATO məsləhətləşmələr keçirməlidir. Türkiyənin belə müraciət etməsi üçün əsas Suriya qüvvələrinin müxaliflərə qarşı əməliyyatlar zamanı bu ölkənin ərazilərinə atəş açmasıdır. Bu zaman sərhəd bölgəsində suriyalı qaçqınların düşərgəsində ölənlər də olub. Klinton onu da bildirib ki, Vaşinqton BMT nizamnaməsinin 7-ci bəndi əsasında Suriya rejiminə qarşı qətnamənin də qəbul edilməsinə çalışacaq. Bu bənd beynəlxalq təhlükəsizliyi və sülhü təhdid edən ölkələrə qarşı hərbi müdaxilənin yolunu açır.
Rusiya və Çinin etirazlarına baxmayaraq NATO Türkiyənin müraciətini əsas gətirərək Suriyaya müxalifə edə bilərmi?
Politoloq Vəfa Quluzadə Qərbin, xüsusən də ABŞ və NATO-nun Suriya məsələsini çox uzatmağa imkan verməyəcəyini deyir. Türkiyənin müraciəti əsasında NATO qoşunlarının bu ölkəyə müdaxilə etməsi də mümkündür. Hətta Türkiyənin özü də ərəb ölkələrilə razılığa gələrək belə bir addım ata bilər. Bu baxımdan Rusiya nə qədər veto qoymasına baxmayaraq, Suriyanın məsələsi artıq həll olunub və bir-iki ayın içində Əsəd rejiminin taleyinə aydınlıq gətiriləcək.

Fizzə