Yəmənin devrilmiş diktatoru susqunluğunu pozdu
Ötən ilin əvvələrində Tunisdə başlayan, Misir, Liviya və Suriyaya yanaşı Yəməni də bürüyən üsyan atəşinin qurbanlarından biri Yəmənin devrilmiş diktatoru Əli Abdulla Saleh susqunluğunu pozub. 33 illik iqtidarının sonunu gətirən xalq etirazlarından sonra Körfəz Ölkələri Əməkdaşlıq Şurasının sülh planı çərçivəsində müxaliflərlə razılaşan və səlahiyyətlərini müavini Əbdurabbu Mənsur Hadiyə təhvil verən Saleh universitet məzunları qarşısında çıxışı zamanı ölkəsinin yeni böhranla üz-üzə qaldığını bildirib.
Saleh ona bağlılığı ilə bilinən bəzi komandir və generallara təzyiqlər olduğunu, bu basqıların ölkə təhlükəsizliyinə təhdid yaratdığını söyləyib. Devrilmiş diktator yerinə gələn müavini Mənsur Hadinin hərbi islahatlar adıyla atdığı addımların təhlükəli olduğunu iddia edib. Saleh “Ərəb Baharı” adı verilən xalq üsyanlarını tənqid edərək, etiraz dalğasının dərin xaosla yanaşı iqtisadi cəhətdən xarici dövlətlərdən asılılıq yaratdığını deyib. Xalq etirazları zamanı Yəmənin milyardlarla dollar itirdiyini deyən Saleh, üsyan və anarxiyanın ölkəyə baha başa gəldiyini və illər uzunu davam edəcək iqtisadi böhran yaşanacağını da vurğulayıb.
Xatırladaq ki, Əli Abdulla Saleh 1 il davam edən xalq etirazları nəticəsində ölkədə yaranmış vətəndaş müharibəsi, tayfaların və beynəlxalq güclərin təzyiqləri qarşısında geri çəkilərək ötən ilin noyabrında səlahiyyətlərini müavini Mənsur Hadiyə təhvil vermişdi.
İnformasiya şöbəsi